Xırdalanda 18 qeyri-yaşayış sahəsi hərraca çıxarılır

Xırdalanda 18 qeyri-yaşayış sahəsi

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan 18 qeyri-yaşayış sahəsi oktyabrın 28-də təkrar hərraca çıxarılacaq. Əmlakların ilkin satış qiymətləri 102 min manatdan başlayır.

Monetar.az xəbər verir ki, hərrac saat 10:30-da keçiriləcək. Satışa çıxarılan əmlakların hamısı Abşeron rayonunun Xırdalan şəhərində, Bakı-Sumqayıt şossesinin 7-ci kilometrində yerləşən “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksindədir.

Hərraca çıxarılan sahələrin əksəriyyəti 228,7 kvadratmetrdir. Ən kiçik sahə 227,3, ən böyük sahə isə 236,4 kvadratmetr təşkil edir.

Əmlakların ilkin satış qiymətləri 102 min 285 manatdan 114 min 300 manatadək dəyişir. Ən aşağı qiymətə təklif olunan sahənin ölçüsü 227,3 kvadratmetr, ən yüksək qiymətə çıxarılan iki sahənin hər birinin ölçüsü isə 228,7 kvadratmetrdir.

Hərrac siyahısında göstərilən bütün əmlaklar qiymətləri 10% aşağı salınmaqla ikinci dəfə satışa çıxarılır. İştirak üçün beh məbləğləri əmlakdan asılı olaraq 511,43 manatdan 571,50 manatadək müəyyən edilib.

Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.