Dövlət qurumlarının 8 avtomobili hərraca çıxarılır

Dövlət qurumlarının 8 avtomobili

Bu gün dövlət qurumlarının balansında olan 8 nəqliyyat vasitəsi təkrar hərraca çıxarılacaq. Avtomobillərin start qiymətləri 2 500 manatdan başlayır, ən bahalı nəqliyyat vasitəsi isə 10 400 manat qiymətləndirilib.

Monetar.az xəbər verir ki, hərrac saat 10:00-da keçiriləcək. Satışa çıxarılan avtomobillər arasında “Nissan Maxima”, “Peugeot Partner”, “Mitsubishi L200”, “Hyundai H-1” və “Volkswagen Passat” modelləri var.

Ən aşağı start qiyməti 2002-ci il buraxılışlı “Nissan Maxima” üçün müəyyən edilib. Avtomobil 2 500 manata təklif olunur. 2007-ci il buraxılışlı “Peugeot Partner” yük avtomobilinin start qiyməti 4 000 manat, 2008-ci il buraxılışlı “Peugeot Partner” minik avtomobilinin qiyməti isə 4 500 manatdır.

Fövqəladə Hallar Nazirliyinin balansında olan 2006-cı il buraxılışlı “Nissan Maxima” 4 500 manata, “Hyundai H-1” mikroavtobusu isə 8 000 manata satışa çıxarılıb.

Hərracda həmçinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Hərracların Təşkili Mərkəzinin balansında olan iki “Volkswagen Passat” avtomobili təqdim ediləcək. 2011-ci il buraxılışlı avtomobilin start qiyməti 7 500 manat, 2014-cü il buraxılışlı avtomobilin qiyməti isə 9 500 manatdır.

Ən yüksək start qiyməti Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin balansında olan 2008-ci il buraxılışlı “Mitsubishi L200” üçün müəyyən edilib. Avtomobil 10 400 manata təklif olunur.