Azərbaycanda tikinti layihələrinin razılaşdırılması, tikintiyə icazələrin verilməsi və dövlət qurumları arasında sənəd mübadiləsi ilə bağlı prosedurların sadələşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb.
Monetar.az xəbər verir ki, Prezident İlham Əliyev tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı sərəncam imzalayıb.
Komissiyaya Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edəcək.
Tikintiyə icazələrin verilməsi sürətlənə bilər
Yeni komissiyanın əsas vəzifələrindən biri tikinti layihələrinin hazırlanması, razılaşdırılması və tikintiyə icazə alınması prosesində yaranan gecikmələrin səbəblərini araşdırmaqdır.
Komissiya dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, inzibati prosedurların sadələşdirilməsi, sənədləşmə mərhələlərinin və icra müddətlərinin optimallaşdırılması ilə bağlı təkliflər hazırlayacaq.
Xüsusilə dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin icra müddətləri, mövcud prosedurlar və gecikmələrin səbəbləri təhlil ediləcək. Dövlət qurumlarına daxil olan müraciətlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə cavablandırılmasına da nəzarət olunacaq.
Özəl tikinti layihələri üçün yeni mexanizmlər hazırlanacaq
Sərəncamda özəl sektorun vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinə investisiyaların stimullaşdırılması məsələsinə də yer verilib.
Komissiya beynəlxalq təcrübəni nəzərə almaqla yeni təşviq mexanizmləri və alətləri barədə təkliflər hazırlayacaq. Tikinti layihələri üzrə açıq, şəffaf və rəqabətli mexanizmlərin yaradılması üçün rəqəmsal həllərdən istifadə imkanları da nəzərdən keçiriləcək.
Dövlət vəsaiti hesabına həyata keçirilən layihələr üzrə smeta-normativlərinin, qiymətqoyma mexanizmlərinin və resurs metodunun təkmilləşdirilməsi də nəzərdə tutulur.
Tikinti icazələri üçün vahid məlumat bazası yaradıla bilər
Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tikintiyə icazələrlə bağlı mövcud dövlət informasiya sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamalıdır.
Nazirliyə altı ay müddətində aşağıdakı istiqamətlər üzrə təklifləri Komissiyaya təqdim etmək tapşırılıb:
- Tikinti icazələri üçün zəruri məlumatların vahid məlumat bazasında toplanması;
- Dövlət qurumları arasında elektron məlumat mübadiləsinin gücləndirilməsi;
- Müxtəlif informasiya sistemlərinin inteqrasiyası;
- Tikinti layihələrinin razılaşdırılması prosesində məlumat mübadiləsinin sürətləndirilməsi.
Bu dəyişikliklər həyata keçirilərsə, tikinti layihələri ilə bağlı sənədlərin müxtəlif qurumlar arasında mübadiləsinin daha operativ təşkili üçün imkan yarana bilər.
Komissiyada 17 dövlət qurumu təmsil olunacaq
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyasının tərkibinə 17 dövlət qurumu və təşkilatının nümayəndəsi daxil edilib.
Komissiyada iqtisadiyyat, maliyyə, nəqliyyat, fövqəladə hallar, ekologiya, kənd təsərrüfatı, səhiyyə və mədəniyyət sahələri üzrə nazir müavinləri, eləcə də digər qurumların rəhbər şəxsləri təmsil olunacaqlar.
Komissiyanın tərkibinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Su Ehtiyatları Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, “Azərenerji”, “Azərişıq” və “Azəriqaz”ın rəhbər şəxsləri də daxil edilib.
Komissiyanın Katibliyi funksiyasını Nazirlər Kabinetinin Aparatı həyata keçirəcək. Dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin prosedurları üzrə monitorinq və qiymətləndirmə isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.
Təkliflər 6 ay ərzində hazırlanacaq
Sərəncama əsasən, Komissiya altı ay müddətində tikinti layihələrinin razılaşdırılması, icazələrin verilməsi və digər inzibati prosedurların sadələşdirilməsi ilə bağlı təklifləri hazırlayaraq Prezidentə təqdim etməlidir.
Komissiya gördüyü işlər barədə ildə bir dəfə Prezidentə hesabat verəcək.
Qeyd edək ki, sərəncam tikintiyə icazələrin verilməsi üçün yeni müddətləri və ya konkret sadələşdirilmiş qaydaları birbaşa müəyyən etmir. Bu istiqamətdə dəyişikliklər Komissiyanın hazırlayacağı təkliflər və onların əsasında qəbul ediləcək qərarlar nəticəsində müəyyənləşəcək.