2025-ci ildə Azərbaycanda fərdi sahibkar təsərrüfatlarının ümumi mənfəəti 15,4 milyon manata çatıb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 53,5% çoxdur.
Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəricilərinə dair məlumatlarında qeyd olunub.
Məlumata əsasən, 2024-cü ildə fərdi sahibkar təsərrüfatlarının ümumi mənfəəti 10,058 milyon manat təşkil edib. 2025-ci ildə isə bu göstərici 15,445 milyon manata yüksəlib.
Hesabat dövründə kənd təsərrüfatı məhsullarının satışından əldə edilən gəlir də artıb. Belə ki, satışdan əldə olunan gəlir 2024-cü ildəki 37,924 milyon manatdan 2025-ci ildə 44,860 milyon manata çatıb. İllik artım 18,3% olub.
Kənd təsərrüfatının ümumi məhsulunun faktiki satış qiymətləri ilə dəyəri də yüksəlib. 2024-cü ildə 40,466 milyon manat olan göstərici ötən il 47,315 milyon manat təşkil edib. Bu, 16,9% artım deməkdir.
Mənfəətin artımında bitkiçilik sahəsi əsas paya malik olub. 2025-ci ildə bitkiçilikdən əldə edilən mənfəət 11,437 milyon manat təşkil edib. 2024-cü ildə bu göstərici 6,359 milyon manat olub. Beləliklə, bitkiçilik üzrə mənfəət bir il ərzində təxminən 79,9% artıb.
Heyvandarlıq sahəsində mənfəət isə 2024-cü ildəki 2,207 milyon manatdan 2025-ci ildə 2,936 milyon manata yüksəlib. Artım 33% təşkil edib.
Diqqətçəkən məqamlardan biri əmək məhsuldarlığının artmasıdır. Bir məşğul şəxsə düşən kənd təsərrüfatı məhsulunun dəyəri 2024-cü ildə 15 082 manat olduğu halda, 2025-ci ildə 23 776 manata çatıb. Bu göstərici bir il ərzində 57,7% yüksəlib.
Bununla yanaşı, fərdi sahibkar təsərrüfatlarında məşğul şəxslərin orta illik sayı azalıb. 2024-cü ildə 2 683 nəfər olan göstərici 2025-ci ildə 1 990 nəfərə enib. Beləliklə, məşğul şəxslərin sayı 25,8% azalıb.
Muzdla işləyənlərin sayı da 1 937 nəfərdən 1 368 nəfərə düşüb. Qadınların sayı isə 581 nəfərdən 394 nəfərə enib.