2026-cı il üzrə proqnozlara əsasən, Azərbaycanın dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 16,5% təşkil edəcək. Bu göstərici ilə ölkə dövlət borcu ən aşağı olan ölkələrin dünya reytinqində beşinci yerdə qərarlaşıb.
Monetar.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) son “Dünya İqtisadi Görünüşü” hesabatına əsaslanan araşdırmasında 2026-cı ildə ölkələrin dövlət borcu ÜDM-ə nisbətdə müqayisə edilib.
Reytinqdə Türkmənistan 2,9%-lə birinci, Haiti 10,5%-lə ikinci, Şərqi Timor 13,9%-lə üçüncü, Honkonq isə 14,1%-lə dördüncü yerdədir. Azərbaycanın göstəricisi Qazaxıstandakı 23,8%, Türkiyədəki 22,5% və Özbəkistandakı 27,6% səviyyəsindən aşağıdır.
Dövlət borcunun ÜDM-ə nisbətinin ən yüksək olduğu ölkələr arasında isə Sudan 334,4%-lə ilk sırada yer alıb. Yaponiyada bu göstərici 199,4%, Sinqapurda 166,4%, Bəhreyndə 162,8%, Livanda isə 139,4% təşkil edir.
Dünyanın ən böyük iqtisadiyyatlarından ABŞ-da dövlət borcunun ÜDM-ə nisbəti 126,8%, Çində 104,4%, Fransada 118,5%, İtaliyada isə 137,9% səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, dövlət borcunun ÜDM-ə nisbəti ölkənin borc yükünü iqtisadiyyatının həcmi ilə müqayisə etməyə imkan verir. Bununla belə, aşağı göstərici öz-özlüyündə maliyyə dayanıqlılığına zəmanət vermir. Borcun qiymətləndirilməsində dövlətin aktivləri, borclanma xərcləri və iqtisadi artım perspektivləri də nəzərə alınır.