“Ağdam Agro Yem” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, şirkət sənaye parkının ərazisində heyvandarlıq təsərrüfatlarının tələbatına uyğun yem məhsullarının istehsalı müəssisəsini yaratmağı planlaşdırır.
İnvestisiya dəyəri 11 milyon manat olan layihənin həyata keçirilməsi heyvandarlıq təsərrüfatlarının yemlə təminatının yaxşılaşdırılmasına, yerli istehsalın artırılmasına və ixrac imkanlarının genişləndirilməsinə töhfə verəcək.
Ağdam Sənaye Parkı Prezidentin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, Ağdam rayonunda 190 hektar ərazidə yaradılıb. Parkın əsas məqsədi işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Sənaye parkının prioritet fəaliyyət istiqamətlərinə tikinti materiallarının, kənd təsərrüfatı məhsullarının qablaşdırılması vasitələrinin, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem və gübrə məhsullarının istehsalı və emalı, eləcə də müxtəlif xidmət sahələrinin təşkili və soyuducu kameraların yaradılması daxildir.
Parkda sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Rezidentlər 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən tam azaddırlar. Bundan əlavə, istehsal məqsədilə idxal olunan texnika, avadanlıq və xammal 10 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilir.
Sahibkarlar üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər stimullaşdırıcı tədbirlər də nəzərdə tutulub.
Rezidentlərinin sayına görə ölkədə ikinci yerdə olan Ağdam Sənaye Parkında istehsal edilən məhsullar həm daxili bazara yönəldilir, həm də ixrac olunur.