Samsung ABŞ-dakı çip zavoduna əlavə investisiyalar yatırır

Samsung ABŞ-dakı çip zavoduna

“Samsung Electronics” şirkəti ABŞ-ın Texas ştatında yerləşən “Taylor Plant 1” zavoduna əlavə avadanlıqların quraşdırılması üçün investisiyalara başlayıb. Bu addım müəssisədə avadanlıqların quraşdırılmasının son mərhələsinə keçildiyini göstərir.

Cənubi Koreyanın “ZDNET” nəşrinin sənaye mənbələrinə istinadən yaydığı məlumata görə, şirkət son vaxtlar 2 nanometrlik texnoloji proses əsasında ayda təxminən 6 min vafli emal etmək gücünə malik avadanlıqlar sifariş edib.

Yeni avadanlıqlar “Samsung Electronics”in ABŞ-dakı ilk kütləvi istehsal xətti olacaq “Taylor Plant 1” zavodunda quraşdırılır. Məlumata əsasən, əlavə investisiyalar müəssisədə hələ istifadə olunmayan sahələrin tam doldurulmasına yönəldilib.

“Samsung Electronics” gələn ilin ikinci yarısına qədər 2 nanometrlik texnoloji proses üzrə ümumi istehsal gücünü ayda 20 min vafliyə çatdırmağı hədəfləyir. “Taylor Plant 1” zavodunun layihə üzrə maksimum istehsal gücü də ayda 20 min vafli təşkil edir.

“Taylor” zavodunun əsası 2021-ci ildə qoyulub. Müəssisə “Samsung”un ABŞ-da qabaqcıl çiplərin istehsalı üçün istehsal gücləri yaratmaq istiqamətində həyata keçirdiyi ilk iri investisiya layihələrindən biridir.

MONETAR.AZ