2025-ci ildə Azərbaycanda fərdi sahibkar təsərrüfatlarında bostan məhsullarının satış rentabelliyi 127%-ə yüksəlib. Bu, 2024-cü ilin göstəricisindən 60,5 faiz bəndi çoxdur.
Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin fərdi sahibkar təsərrüfatlarında məhsul satışının rentabelliyinə dair məlumatlarında qeyd olunub.
Məlumata əsasən, 2024-cü ildə bostan məhsullarının satış rentabelliyi 66,5% təşkil edib. 2025-ci ildə isə bu göstərici 127%-ə çatıb.
Hesabat dövründə bitkiçilik məhsulları üzrə ümumi satış rentabelliyində də artım qeydə alınıb. Belə ki, 2024-cü ildə 38,3% olan göstərici 2025-ci ildə 62,6%-ə yüksəlib.
Bununla yanaşı, bəzi bitkiçilik məhsullarının satış rentabelliyi azalıb. Meyvə və giləmeyvə üzrə göstərici 2024-cü ildəki 104,7%-dən 2025-ci ildə 91,1%-ə, xam pambıq üzrə isə 66,3%-dən 52,6%-ə düşüb.
Tütün satışının rentabelliyi daha kəskin azalıb. 2024-cü ildə 59,6% olan göstərici ötən il 27,7% təşkil edib. Açıq torpaqda yetişdirilən tərəvəzlərin satış rentabelliyi də 93,4%-dən 43,6%-ə enib.
Heyvandarlıq məhsulları üzrə ümumi satış rentabelliyi 2024-cü ildəki 22,5%-dən 2025-ci ildə 32,4%-ə yüksəlib.
Ayrı-ayrı məhsullar üzrə göstəricilər fərqli olub. Süd və süd məhsullarının satış rentabelliyi 38%-dən 28,6%-ə, yunun rentabelliyi isə 26,8%-dən 24,2%-ə düşüb. Qoyun və keçi məhsulları üzrə göstərici 45,5%-dən 54,3%-ə yüksəlib.
Quşçuluq məhsullarının satış rentabelliyi isə 2024-cü ildəki 11,5%-dən 2025-ci ildə 7,5%-ə enib. İri buynuzlu mal-qara üzrə göstərici 17,7%-dən 40,6%-ə yüksəlib.