2025-ci ildə Azərbaycanda kənd təsərrüfatı müəssisələrində tütünün bir sentnerinin orta satış qiyməti 453,79 manata çatıb.
Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin kənd təsərrüfatı məhsullarının satış qiymətlərinə dair məlumatlarında qeyd olunub.
Məlumata əsasən, 2020-ci ildə bir sentner tütünün satış qiyməti 281,95 manat təşkil edib. 2025-ci ildə bu göstərici 453,79 manata yüksəlib. Beləliklə, beş il ərzində tütünün satış qiyməti 61% artıb.
Hesabat dövründə digər kənd təsərrüfatı məhsullarının satış qiymətlərində də dəyişikliklər qeydə alınıb.
Belə ki, 2020-ci ildə bir sentner buğdanın satış qiyməti 34,16 manat olduğu halda, 2025-ci ildə 36,18 manata yüksəlib. Eyni dövrdə çəltik 154,65 manatdan 124,42 manata, xam pambıq isə 63,30 manatdan 80,90 manata bahalaşıb.
Şəkər çuğundurunun bir sentnerinin satış qiyməti 2020-ci ildə 5,85 manat təşkil etdiyi halda, 2025-ci ildə 7,70 manata çatıb. Kartofun qiyməti isə 31,47 manatdan 62,06 manata yüksəlib.
Meyvə və giləmeyvənin bir sentnerinin satış qiyməti 101,49 manatdan 168,47 manata, üzümün qiyməti isə 45,97 manatdan 81,08 manata yüksəlib. Bu, müvafiq olaraq, 66% və 76,4% artım deməkdir.
Heyvandarlıq məhsulları üzrə də fərqli dinamika müşahidə olunub. İri buynuzlu mal-qaranın bir sentner çəki artımının satış qiyməti 2020-ci ildə 499,37 manat olduğu halda, 2025-ci ildə 710,34 manata çatıb. Qoyun və keçilərdə isə bu göstərici 572,86 manatdan 652,12 manata yüksəlib.
Quşların bir sentner çəki artımının satış qiyməti 263,70 manatdan 469,31 manata, südün bir sentnerinin qiyməti isə 56,05 manatdan 78,88 manata qalxıb.
Bununla yanaşı, bəzi məhsullar üzrə qiymət azalması da qeydə alınıb. Yun satışının bir sentnerinə düşən qiymət 2020-ci ildəki 146,03 manatdan 2025-ci ildə 102,33 manata enib. Çəltiyin satış qiyməti də müqayisə olunan dövrdə aşağı düşüb.