Kənd təsərrüfatı məhsullarının istehsalına əmək sərfi necə dəyişib?

Kənd təsərrüfatı məhsullarının istehsalına

2025-ci ildə Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının istehsalına sərf olunan əmək vaxtı 2020-ci illə müqayisədə azalıb. Ən kəskin azalma tütün və yun istehsalında qeydə alınıb.

Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin kənd təsərrüfatı müəssisələrində məhsul vahidinə əmək sərfi ilə bağlı məlumatlarında qeyd olunub.

Məlumata əsasən, 2020-ci ildə bir sentner tütün istehsalına 354,7 adam-saat əmək sərf edildiyi halda, 2025-ci ildə bu göstərici 160,8 adam-saata düşüb. Beləliklə, tütün istehsalına əmək sərfi 54,7% azalıb.

Yun istehsalında da nəzərəçarpan azalma qeydə alınıb. Belə ki, bir sentner yun istehsalına sərf olunan əmək vaxtı 2020-ci ildəki 353,1 adam-saatdan 2025-ci ildə 196,6 adam-saata enib. Bu, 44,3% azalma deməkdir.

Heyvandarlıq məhsulları üzrə göstəricilərə gəlincə, bir sentner iri buynuzlu mal-qaranın çəki artımına sərf olunan əmək vaxtı 198,3 adam-saatdan 155,6 adam-saata düşüb. Qoyun və keçilərdə isə bu göstərici 225,8 adam-saatdan 184,3 adam-saata enib.

Quşçuluqda bir sentner çəki artımına sərf olunan əmək vaxtı 108,6 adam-saatdan 97,3 adam-saata azalıb.

Bitkiçilik sahəsində də bəzi məhsullar üzrə əmək sərfi aşağı düşüb. 2020-ci ildə bir sentner xam pambığın istehsalına 53,4 adam-saat sərf edildiyi halda, 2025-ci ildə bu rəqəm 38,2 adam-saat təşkil edib. Azalma 28,5% olub.

Kartof istehsalında əmək sərfi 15,7 adam-saatdan 14,8 adam-saata, açıq sahədə tərəvəz istehsalında isə 22,5 adam-saatdan 16,6 adam-saata düşüb.

Bununla yanaşı, bəzi məhsullar üzrə əmək sərfində artım müşahidə edilib. Yaşıl çay yarpağının istehsalında bir sentnerə düşən əmək vaxtı 2020-ci ildəki 221,1 adam-saatdan 2025-ci ildə 230,1 adam-saata yüksəlib. Üzüm istehsalında isə göstərici 37,2 adam-saatdan 34,2 adam-saata enib.

Heyvandarlıq məhsulları arasında süd istehsalına sərf olunan əmək vaxtı 26,3 adam-saatdan 33,5 adam-saata yüksəlib. Yumurta istehsalında isə min ədədə düşən əmək sərfi 13,6 adam-saatdan 30 adam-saata çatıb.