ABŞ dollarının alıcılıq qabiliyyəti 1913-cü ildən bəri təxminən 97% azalıb. Bu gün 1 dolların ala bildiyi məhsul və xidmətlərin həcmi 1913-cü ildəki 1 dolların alıcılıq qabiliyyətinin cəmi 3%-nə bərabərdir.
Monetar.az xəbər verir ki, dolların dəyərinin uzunmüddətli azalması müharibələrin maliyyələşdirilməsi, qızıl standartından imtina, neft böhranları və sonrakı dövrlərdə həyata keçirilən pul siyasəti kimi müxtəlif tarixi hadisələrlə müşayiət olunub.
ABŞ Federal Ehtiyat Sistemi (FED) 1913-cü ildə yaradılıb. Birinci Dünya müharibəsinin maliyyələşdirilməsi isə inflyasiyanı sürətləndirib. 1917-1920-ci illərdə ABŞ-da istehlak qiymətləri kəskin artıb.
1933-cü ildə ABŞ hökuməti qızıl üzərində şəxsi mülkiyyətə ciddi məhdudiyyətlər tətbiq edib və dolların qızıla nisbətdə dəyərini aşağı salıb. 1944-cü ildə Bretton-Vuds razılaşması dolları beynəlxalq pul sisteminin əsas valyutasına çevirib. Həmin sistemdə dolların qızıla çevrilməsi nəzərdə tutulurdu.
1965-ci ildə ABŞ dövriyyədəki 10 və 25 sentlik sikkələrin tərkibindən gümüşü çıxarmağa başlayıb. 1971-ci ildə isə prezident Riçard Nikson dolların qızıla çevrilməsini dayandırıb. Bununla da dolların qızıl standartı ilə son birbaşa əlaqəsi aradan qalxıb.
1973-1979-cu illərdə neft böhranları və iqtisadi qeyri-sabitlik inflyasiyanı gücləndirib. 2008-ci il qlobal maliyyə böhranından sonra FED iqtisadiyyatı dəstəkləmək üçün kəmiyyət yumşaldılması siyasətini genişləndirib və balansını əhəmiyyətli dərəcədə artırıb.
2020-2022-ci illərdə pandemiya dövründə pul siyasətinin genişləndirilməsi və təchizat problemləri inflyasiyanın yüksəlməsi ilə müşayiət olunub. ABŞ-da inflyasiya 2022-ci ildə son dörd onilliyin ən yüksək səviyyələrindən birinə çatıb.
ABŞ-ın istehlak qiymətləri indeksinə əsaslanan hesablamalara görə, 1913-cü ildə 1 dollarla alınan məhsul və xidmətlər 2026-cı ilin sentyabrında təxminən 34,09 dollara başa gəlir. Bu isə müasir dolların həmin dövrdəki alıcılıq qabiliyyətinin təxminən 2,9%-ni saxladığını göstərir.