Dünya bazarında buğda bahalaşmağa başlayıb

Dünya bazarında buğda

Dünya bazarında buğdanın qiyməti ucuzlaşmadan sonra yenidən artmağa başlayıb. Çinin ABŞ-dan buğda almaq imkanlarını araşdırması bazarda qiymətlərə təsir edən əsas amillərdən biri olub.

Monetar.az xəbər verir ki,  buğdanın bir buşelinin qiyməti 6,05 dolları ötüb. Oktyabrın 28-də isə qiymət 16 həftənin minimumuna enərək 5,99 dollar olub.

Qiymətlərin yüksəlməsinə Çinin dövlət şirkəti “Cofco”nun gələn il üçün ABŞ-dan yumşaq qırmızı qış buğdası almaq imkanlarını araşdırması səbəb olub. ABŞ və Çin arasında ticarət danışıqlarının nəticəsində kənd təsərrüfatı məhsullarının alışının artacağı ehtimal edilir.

Bununla belə, buğda bazarında qiymətlər son aylarda əsasən aşağı düşüb. Avqustun 28-də 7,67 dollara yüksələn bir buşel buğdanın qiyməti hazırda həmin səviyyədən xeyli aşağıdır.

Qlobal buğda istehsalının rekord göstəriciyə yaxınlaşması, həmçinin Avstraliya və Argentinada məhsulun artması bazarda təklifin çoxalacağı gözləntilərini gücləndirir.

Rusiya-Ukrayna arasında mümkün sülh danışıqları da Qara dəniz üzərindən taxıl tədarükünün artacağı ehtimalını yaradaraq qiymətlərə təzyiq göstərir. Bununla yanaşı, bölgədə davam edən hücumlar tədarük risklərini qoruyub saxlayır.