İran ətrafında baş verən münaqişə dünya enerji bazarında 1974-cü il böhranından bəri ən böyük neft-qaz şokuna səbəb olub. Bununla belə, qiymətlərə və bazarlara təsir əvvəlki böhranlarla müqayisədə daha məhdud qalıb.
Monetar.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur bildirib.
Onun sözlərinə görə, mövcud şok 1974-cü il iqtisadi böhranından, eləcə də Fars körfəzində baş vermiş birinci və ikinci müharibələrin nəticələrindən daha genişmiqyaslıdır.
Cihad Azur təsirlərin nisbətən məhdud qalmasını Fars körfəzi ölkələrinin iqtisadiyyatlarını şaxələndirməsi, süni intellekt sahəsinə investisiyaları artırması və iqtisadi siyasət institutlarını gücləndirməsi ilə əlaqələndirib. O, münaqişənin region ölkələrinə təsirinin eyni olmadığını da vurğulayıb.
BVF rəsmisi region üçün əsas imkanlardan birinin “Regional inteqrasiya 2.0” adlandırdığı yeni iqtisadi əməkdaşlıq modelinin qurulması olduğunu qeyd edib.
Məlumata görə, Hörmüz boğazı dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıyır. Qlobal neft ticarətinin təxminən 25%-i, mayeləşdirilmiş təbii qaz ticarətinin isə təxminən 20%-i bu marşrutdan keçir. Buna görə də bölgədəki hərbi gərginlik enerji təchizatı və qiymətlər üçün ciddi risk yaradır.