2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında qızıl, mis filizləri və konsentratları, eləcə də tomat ilk üç yerdə qərarlaşıb.
Monetar.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayında bildirilib.
Məlumata əsasən, hesabat dövründə qızıl ixracının dəyəri 313,1 milyon ABŞ dolları təşkil edib. Mis filizləri və konsentratlarının ixracı 213,5 milyon dollar, tomatın ixracı isə 172,3 milyon dollar olub.
2026-cı ilin sentyabr ayında da qızıl qeyri-neft ixracında birinci yerdə qərarlaşıb. Həmin ay bu məhsul üzrə ixrac 41,9 milyon dollar təşkil edib.
Sentyabrda mis filizləri və konsentratlarının ixracı 29,8 milyon dollar, mineral və ya kimyəvi azot gübrələrinin ixracı isə 21,6 milyon dollar olub.