2026-cı ilin ilk doqquz ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 33,4% artaraq 15,4 milyard ABŞ dollarına çatıb.
Monetar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 29 oktyabr tarixli açıqlamasında məlumat verilib.
Bildirilib ki, cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu meyil həm nağd, həm də qeyri-nağd valyuta bazarında müşahidə olunub.
2026-cı ilin yanvar-sentyabr aylarında mübadilə məntəqələri tərəfindən müştərilərdən alınan nağd xarici valyutanın həcmi satılan valyutadan 759 milyon ABŞ dolları çox olub.
Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,3 faiz bəndi azalaraq sentyabrda 25,7%-ə enib.
Mərkəzi Bankın məlumatına görə, valyuta bazarında təklifin artması və tələbin azalması şəraitində tənzimləyici tərəfindən valyuta alışları həyata keçirilib.
Qeyd edək ki, valyuta ehtiyatlarının artması ölkənin xarici şoklara qarşı maliyyə imkanları baxımından əhəmiyyətli göstəricilərdən biridir.