Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 2026-cı ilin yanvar-sentyabr aylarında 9 milyard 628 milyon manat köçürülüb. Bu məbləğ 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 232,7 milyon manat və ya 11,4% azdır.
Monetar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin icrasına dair operativ məlumatında bildirilir.
Hesabat dövründə Neft Fondundan transfert dövlət büdcəsinin ümumi gəlirlərinin 32,8%-ni təşkil edib. Büdcənin neft-qaz sektoru üzrə daxilolmaları isə 12 milyard 930,5 milyon manat olub.
Neft-qaz sektoru üzrə daxilolmaların 74,5%-i Neft Fondundan transfertin, 25,5%-i isə vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar proqnozu 625,5 milyon manat və ya 5,1% üstələyib.
Eyni zamanda, Neft Fondundan transfertin azalmasına baxmayaraq, dövlət büdcəsinin ümumi gəlirləri proqnozdan 2,8% çox icra edilib. Bu dövrdə büdcənin Neft Fondundan kənar gəlirləri də artım göstərib.
