"Fitch" Fransanın kredit reytinqi üzrə proqnozunu neqativə endirib

"Fitch" Fransanın kredit reytinqi üzrə proqnozunu

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Fransanın “A+” səviyyəsində olan suveren kredit reytinqinin proqnozunu stabildən neqativə dəyişib. Qərara ölkənin büdcə kəsirinin artması, dövlət borcu ilə bağlı gözləntilərin pisləşməsi və borclanmaya xidmət xərclərinin yüksəlməsi səbəb olub.

Agentlik avqust ayında keçirilmiş son qiymətləndirmədən sonra Fransanın kredit profilinin əhəmiyyətli dərəcədə zəiflədiyini əsas gətirərək növbədənkənar reytinq baxışı həyata keçirib.

“Fitch Ratings” Fransanın dövlət borcunun 2025-ci ildə ÜDM-in 115,7 faizini təşkil etdiyi halda, 2028-ci ilədək bu göstəricinin təxminən 124 faizə yüksələcəyini proqnozlaşdırır.

Agentliyin qiymətləndirməsinə görə, siyasi qeyri-sabitlik və sosial gərginlik fonunda borc artımının qarşısını almaq getdikcə çətinləşir. Dövlət borcunu sabitləşdirmək üçün tələb olunan ümumi büdcə düzəlişinin həcmi isə ÜDM-in 3,5 faizinə çatıb.

Fitch büdcə siyasətində manevr imkanlarının məhdud olduğunu da vurğulayır. Dövlət xərclərinin siyasi baxımdan sərt xarakter daşıması və vergi dərəcələrinin onsuz da yüksək olması hökumətin əlavə maliyyə tədbirləri həyata keçirməsini çətinləşdirir.

2027-ci il büdcə layihəsində xərclərin azaldılması hesabına büdcə kəsirinin 5 faizə endirilməsi nəzərdə tutulur. Lakin agentlik zəif iqtisadi fəallıq və qanunvericilik güzəştlərini nəzərə alaraq, defisitin ÜDM-in 5,5 faizi səviyyəsində qalacağını gözləyir.

Fransanın borclanma xərcləri regional müqayisədə də təzyiq altındadır. Oktyabrın sonunda ölkənin 10 illik dövlət istiqrazlarının gəlirliliyi 4,9 faizə yüksəlib.

Bu dövrdə Fransa və Almaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi arasındakı fərq müvəqqəti olaraq 174 baza bəndinə çatıb. Sonradan spred müəyyən qədər daralsa da, göstərici investorların Fransa borcuna münasibətindəki həssaslığı əks etdirir.

Fitch-in proqnozuna görə, dövlət borcuna xidmət üzrə faiz ödənişləri 2028-ci ilədək ÜDM-in 3,3 faizinə yüksələ bilər. Bu isə büdcə üzərində əlavə yük yaradacaq.

Agentlik Fransanın iqtisadi artım proqnozlarını dəyişməyib. Belə ki, 2026-cı ildə ÜDM-in 0,5 faiz, 2027-ci ildə isə 0,9 faiz artacağı gözlənilir.

Fitch davam edən küçə etirazlarının və məhdud büdcə imkanlarının 2027-ci il seçki dövrü ərəfəsində iqtisadi və siyasi riskləri artıra biləcəyi barədə xəbərdarlıq edir.

Bununla belə, agentlik Fransanın “A+” kredit reytinqini qoruyub. Reytinq ölkənin yüksək gəlirli və şaxələndirilmiş iqtisadiyyatı, güclü institusional idarəetməsi, Avrozonaya üzvlüyü və kapital mövqeyi etibarlı olan bank sektoru ilə dəstəklənir.

Proqnozun neqativə dəyişdirilməsi Fransanın kredit reytinqinin dərhal aşağı salınması demək deyil. Bu qərar ölkənin dövlət borcu və büdcə göstəriciləri ilə bağlı risklərin artdığını göstərir.

MONETAR.AZ