İcbari Sığorta Bürosu (İSB) son beş il ərzində zərərçəkmiş şəxslərə ümumilikdə 5 milyon manatdan artıq kompensasiya ödənişi həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İSB-nin Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova qurumun Hüquqi Şəxslərin İttifaqının yaradılmasının 15 illiyinə həsr olunmuş təqdimatında məlumat verib.
Xanım Camalovanın sözlərinə görə, Kompensasiya Fondunun əsas məqsədi qanunvericilikdə nəzərdə tutulan hallarda zərərçəkən şəxslərin hüquq və maraqlarını qorumaqdır.
O bildirib ki, naməlum və ya oğurlanmış avtomobillərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri, eləcə də icbari sığortası olmayan sürücülərin törətdiyi qəzalar zamanı üçüncü şəxslərin sağlamlığına və ya həyatına zərər dəydikdə kompensasiya ödənişləri İSB tərəfindən təmin edilir.