İsveçrə şirkətləri Çinə investisiyaları artırmağa hazırlaşır

İsveçrə şirkətləri Çinə

Çin və İsveçrə arasında yenilənmiş Sərbəst Ticarət Sazişinin imzalanması iki ölkənin iqtisadi əməkdaşlığını gücləndirir. Çin Ticarət Nazirliyinin şənbə günü yaydığı məlumata görə, İsveçrə şirkətləri Çinin əczaçılıq, maliyyə və istehsalat sektorlarına investisiyaları artırmağı planlaşdırırlar.

Çinə rəsmi səfər edən İsveçrə Konfederasiyasının Prezidenti Qay Parmelini müşayiət edən biznes nümayəndə heyəti əczaçılıq, maşınqayırma, maliyyə, saat sənayesi və yaşıl keçid sahələrini əməkdaşlığın genişləndirilməsi üçün prioritet istiqamətlər kimi müəyyənləşdirib.

İsveçrə nümayəndə heyətinin investisiya planları Prezident Qay Parmelinin Çin Xalq Respublikasının Sədri Si Tszinpin və ticarət naziri Van Ventao ilə keçirdiyi görüşlərdən sonra açıqlanıb.

Çin Mərkəzi Televiziyasının (CCTV) məlumatına görə, Si Tszinpin ölkəsinin İsveçrə ilə rəqəmsal sənaye, yaşıl enerji saxlama sistemləri və süni intellekt sahələrində əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib.

Çin lideri, həmçinin İsveçrəni Pekinlə Avropa İttifaqı və bütövlükdə Avropa arasında ticarət əlaqələrinin inkişafında konstruktiv rol oynamağa çağırıb.

İki ölkə arasında sərbəst ticarət sazişinin yenilənməsinə dair protokolun imzalanması qarşılıqlı bazar imkanlarını genişləndirməyi nəzərdə tutur.

Yenilənmiş razılaşmaya əsasən, sıfır gömrük rüsumu tətbiq ediləcək malların payı ikitərəfli ticarətin ümumi həcminin 99%-dən çoxuna çatacaq. İsveçrə ixracatının 99,8%-nin isə mərhələli şəkildə Çin bazarına rüsumsuz daxil olması planlaşdırılır.

Çin İsveçrədən idxal olunan kofe, dəzgah avadanlıqları və saatlar da daxil olmaqla bir sıra məhsullar üzrə gömrük rüsumlarını mərhələli şəkildə ləğv edəcək. Bu güzəştlərin İsveçrə istehsalçılarının Çin bazarında rəqabət imkanlarını genişləndirəcəyi gözlənilir.

İsveçrə də öz növbəsində Çinin bəzi kənd təsərrüfatı və istehlak məhsullarına, o cümlədən yağlı bitkilərə, bitki yağlarına və ev heyvanları üçün yemlərə daha əlverişli tarif şərtləri tətbiq edəcək.

Razılaşma qlobal proteksionizmin gücləndiyi və Avropa İttifaqı ilə Çin arasında ticarət münasibətlərində gərginliyin davam etdiyi bir dövrə təsadüf edir. Bu baxımdan, İsveçrə ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi Pekinin Avropadakı iqtisadi əlaqələrini möhkəmləndirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.

Əczaçılıq və maşınqayırma sahələrində nəzərdə tutulan investisiyalar İsveçrə şirkətlərinin Çinin səhiyyə, istehsalat və yüksək texnologiyalar bazarına marağının artdığını göstərir.

Yenilənmiş sazişin tariflərlə bağlı müddəaları hər iki ölkədə zəruri daxili hüquqi prosedurlar tamamlandıqdan sonra mərhələli şəkildə qüvvəyə minəcək.

MONETAR.AZ