Çin "SpaceX" və "Tesla" birləşməsini niyə bloklaya bilər?

Çin "SpaceX" və "Tesla" birləşməsini

Bank of America (BofA) Tesla və SpaceX şirkətlərinin mümkün birləşməsi zamanı əsas tənzimləyici maneənin Çin ola biləcəyini düşünür. Bununla belə, bankın analitikləri belə bir sövdələşmənin Tesla səhmdarları üçün əlavə dəyər yarada biləcəyini hesab edirlər.

BofA-nın analitiklərinin qeyd etdiyinə görə, mətbuatda yayılan məlumatlar və İlon Maskın açıqlamaları hər iki şirkətin mümkün birləşmə variantını qiymətləndirmək üçün xüsusi komitələr yaratdığını göstərir. Lakin sövdələşmənin şərtləri hələ razılaşdırılmayıb və onun baş tutacağına zəmanət yoxdur.

Bank Çini əsas tənzimləyici risk kimi qiymətləndirir. Səbəb potensial birləşmənin Tesla-nın qlobal avtomobil istehsalının təxminən yarısını təmin edən Şanxay zavodunu ABŞ-ın iri müdafiə sənayesi podratçısı olan SpaceX-in nəzarətinə keçirə bilməsidir.

Bank of America mümkün sövdələşmənin ən məntiqli strukturunun SpaceX-in Tesla-nı tamamilə səhmlər vasitəsilə satın alması olduğunu bildirir. Bu halda Tesla-nın səhmdarları SpaceX tərəfindən yeni buraxılan səhmləri əldə edəcəklər.

BofA analitiklərinin fikrincə, əsas məsələlərdən biri Tesla-nın xüsusi komitəsinin şirkət səhmlərinin cari bazar qiymətinə əlavə mükafat müəyyənləşdirilməsi barədə razılığa gəlib-gəlməyəcəyidir. Bank Tesla-nın avtomobil biznesinin mövcud vəziyyətini və robotaksi xidmətinin inkişaf perspektivlərini nəzərə alaraq, belə razılaşma ehtimalını yüksək qiymətləndirir.

Analitiklərin hesablamalarına əsasən, səhmlərin cari qiymətinə 20–30 faiz həcmində mükafat əlavə edilməsi belə İlon Maskın birləşmiş şirkətdə səsvermə hüququna malik səhmlərin 50 faizindən çoxunu özündə saxlamasına imkan verə bilər.

Bununla yanaşı, sövdələşmənin təsdiqlənməsi üçün Tesla-nın dövriyyədə olan səhmlərinin əksəriyyətinin razılığı tələb olunacaq. Bitərəf qalan və brokerlər tərəfindən istifadə edilməyən səslər isə əleyhinə verilmiş səs kimi hesablanacaq.

Bankın analitikləri mümkün birləşmənin strateji əsaslandırılmasının süni intellekt sahəsi, xüsusilə də çip istehsalı üzrə birgə müəssisə olan “Terafab” layihəsi ətrafında formalaşacağını düşünürlər.

İlon Mask “Terafab” layihəsinə uzunmüddətli investisiyaların 100 milyard dolları ötəcəyini gözləyir. Şirkətlərin birləşməsi isə bu xərclərin bölüşdürülməsi ilə bağlı ayrıca razılaşmaların aparılması zərurətini aradan qaldıra bilər.

Tesla və SpaceX arasında artıq geniş biznes əlaqələrinin mövcudluğu da mümkün birləşmənin əsaslandırılmasında mühüm amil kimi göstərilir. Belə ki, SpaceX cari ilin əvvəlindən Tesla-dan 626 milyon dollar dəyərində Megapack enerji saxlama sistemləri alıb.

Bank of America Tesla səhmləri üzrə “almaq” tövsiyəsini və 460 dollar səviyyəsində hədəf qiymətini dəyişməyib.

BofA analitikləri robotaksi xidmətinin 2027-ci ilin sonunadək Tesla-nın mənfəət artımında əhəmiyyətli rol oynayacağını gözləyirlər. Bankın qiymətləndirməsinə görə, şirkətlərin mümkün birləşməsi də Tesla səhmdarları üçün əlavə müsbət amil ola bilər.

MONETAR.AZ