Maliyyə Nazirliyi oktyabrda banklara 704 milyon manat depozit yerləşdirib

Maliyyə Nazirliyi oktyabrda banklara 704 milyon manat

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və vahid xəzinə hesabının qalığından əlavə gəlir əldə edilməsi məqsədilə oktyabr ayında beş depozit hərracı keçirib.

Nazirlikdən verilən məlumata görə, hərraclar çərçivəsində xəzinə hesabının ümumilikdə 704 milyon manat məbləğində qalığı ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.

Vəsaitlər 28 və 56 günlük müddətlərə, ortaçəkili illik 6,5 faiz faiz dərəcəsi ilə banklara təqdim olunub.

Qeyd edək ki, vahid xəzinə hesabının qalığından əlavə gəlir əldə edilməsi mexanizmi “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları” ilə tənzimlənir.

Maliyyə Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər dövlət vəsaitlərinin idarə olunmasında yeni maliyyə alətlərinin tətbiqini genişləndirməyə və büdcəyə əlavə daxilolmaların formalaşdırılmasına xidmət edir.

Eyni zamanda, dövlət vəsaitlərinin kommersiya banklarında depozit kimi yerləşdirilməsi bank sektorunda likvidliyin artırılmasına da şərait yaradır.