Binance kiberhücumun nəticələrini aradan qaldırmaq üçün 6,34 milyard dollar ayırıb

Binance kiberhücumun nəticələrini aradan qaldırmaq üçün

Binance kiberhücum nəticəsində yaranan zərərin qarşılanması və istifadəçi aktivlərinin bərpası məqsədilə 6,34 milyard dollar həcmində maliyyə resursu ayırıb. Birjanın X platformasında yaydığı rəsmi bəyanata və ABC News-un məlumatlarına əsasən, zərərçəkmiş müştərilərin aktivlərinin tam bərpası üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.

Ayrılmış vəsaitin 5 milyard dolları hücumdan təsirlənmiş tokenlərin eyni növdə əvəzlənməsi üçün hazır saxlanılıb. Qalan 1,34 milyard dollar hesabına isə çatışmayan tokenlər birjanın daxili və birjadankənar (OTC) kanalları vasitəsilə yenidən alınır.

Aşağı likvidliyə malik kiçik kapitallaşmalı altkoinlərin satın alınmasının müəyyən vaxt tələb edəcəyi gözlənilir.

Binance-in məlumatına görə, qlobal hüquq-mühafizə orqanları və blokçeyn aktivlərinin emitentləri ilə əməkdaşlıq nəticəsində oğurlanmış vəsaitlərin 3 milyard dollarlıq hissəsi dondurulub. Bu prosesdə Tether və Circle şirkətləri də iştirak edib.

Birja aktivlərin izlənilməsi və geri qaytarılması istiqamətində ABŞ Federal Təhqiqat Bürosu (FBI), Məxfi Xidmət (Secret Service), Chainalysis kimi analitik şirkətlər və digər tərəfdaşlarla əməkdaşlıq edir.

Binance həmçinin müştəri vəsaitlərinin 1:1 nisbətində ehtiyatlarla təmin olunduğunu Proof of Reserves (Ehtiyatların sübutu) hesabatları vasitəsilə yenidən təsdiqləməyi öhdəsinə götürüb.

İlkin istintaq nəticələrinə əsasən, hücumun şirkətin DevOps mühəndislərindən birinə məxsus komprometasiya olunmuş noutbuk vasitəsilə həyata keçirildiyi bildirilir. Bu boşluq hakerlərə vəsaitlərin çıxarılması ilə bağlı icazəsiz sorğular göndərmək imkanı yaradıb.

Birjanın açıqladığı plana əsasən, müştərilərin itkiləri SAFU (Secure Asset Fund for Users) istifadəçi müdafiə fondu və Binance-in öz maliyyə resursları hesabına tam qarşılanacaq.

Təqdim olunan məlumatlara görə, 6,3 milyard dollar həcmində qiymətləndirilən bu insident kriptovalyuta sənayesində indiyədək qeydə alınmış ən böyük kiberhücum kimi göstərilir.

Müqayisə üçün, əvvəlki rekord 2025-ci ilin fevralında Bybit kriptovalyuta birjasından oğurlandığı bildirilən 1,5 milyard dollarla bağlı insident idi.

MONETAR.AZ