Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq sərnişin daşımalarına artan tələbatı nəzərə alaraq noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 4-ə çatdırır.
ADY-dən bildirilib ki, əlavə reyslərin istifadəyə verilməsi ilə sərnişin yerlərinin sayı 386-dan 564-ə yüksələcək. Bu, tutumun təxminən 46% artırılması deməkdir.
Əlavə reyslər sərnişinlərə daha sərfəli qiymətlərlə səyahət imkanı yaradacaq. Belə ki, yeni reyslərdə standart sinif üzrə biletlərin qiyməti 36 manatdan başlayır. Bu seçim əvvəlki plaskart vaqonlarla müqayisədə daha aşağı büdcəli səyahət imkanı təqdim edir və sərnişinlərə təxminən 30% daha ucuz qiymətə səfər etmək şəraiti yaradır.
Bir istiqamət üzrə minimum gedişhaqları aşağıdakı kimidir:
-
Bakı–Tbilisi: 54 manat;
-
Yevlax–Tbilisi: 44 manat;
-
Gəncə–Tbilisi: 41 manat;
-
Ağstafa–Tbilisi: 38 manat;
-
Böyük Kəsik–Tbilisi: 36 manat.
Müqayisə üçün bildirək ki, hazırda “Stadler” vaqonlarında komfort sinif üzrə Bakıdan Tbilisiyə minimum bilet qiyməti 77,50 manat, Gəncədən isə 56,80 manat təşkil edir.
Yeni qrafik sərnişinlərə həm gecə, həm də gündüz səyahət etmək imkanı verəcək.
Hazırda istismarda olan qatar Bakıdan saat 23:10-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Əks istiqamətdə qatar Tbilisidən saat 11:00-da hərəkətə başlayacaq və saat 20:26-da Bakı Dəmiryol Vağzalına çatacaq.
Əlavə reys üzrə qatar isə hər gün Bakıdan saat 09:10-da yola düşəcək və saat 19:11-də Tbilisiyə çatacaq. Tbilisidən geri qayıdan qatar saat 22:00-da yola düşərək növbəti gün saat 07:57-də Bakıda olacaq.
ADY-nin məlumatına görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslərin təşkili tərəflərin uzun müddət davam edən birgə hazırlıq, texniki və təşkilati işləri tamamlamasından sonra mümkün olub.
Qurum beynəlxalq sərnişin daşımalarında xidmət keyfiyyətinin yüksəldilməsi, rahat və təhlükəsiz səfərlərin təmin olunması, eləcə də artan sərnişin tələbatının qarşılanması istiqamətində tədbirləri davam etdirəcəyini bildirib.