“BMW Group” şirkəti “Automated Driving In-Plant” (AFW) texnologiyası vasitəsilə istehsalat müəssisələrində avtomobillərin 1 milyonuncu avtomatik yerdəyişməsini uğurla tamamlayıb. Bu nəticə sistemin şirkətin qlobal istehsalat şəbəkəsində genişləndirilməsi fonunda əldə olunub.
Hazırda texnologiya dörd zavodda tətbiq edilir. Şirkətin məlumatına görə, istehsalat müəssisələrində hər gün orta hesabla 3 500 avtomatik yerdəyişmə həyata keçirilir.
Böyük Britaniyanın Oksford şəhərində yerləşən MINI zavodu AFW sisteminin tətbiq olunduğu dördüncü müəssisə olub. Texnologiya bundan əvvəl Dingolfinq, Leypsiq və Reqensburq zavodlarında istifadəyə verilib. Oksford müəssisəsində son bir il ərzində 53 mindən çox avtomatik yerdəyişmə qeydə alınıb.
2022-ci ildə Almaniyanın Dingolfinq zavodunda pilot layihə kimi başladılan sistem sonradan istehsalat proseslərinin standart həllərindən birinə çevrilib. “BMW Group” texnologiyanı gələn il ABŞ-ın Spartanberq zavodunda da tətbiq etməyi planlaşdırır.
“BMW AG”nin İdarə Heyətinin istehsalat üzrə məsul üzvü Raymond Vittmann bildirib ki, bir milyon avtomobilin avtomatlaşdırılmış texnologiya vasitəsilə yerdəyişməsi və sistemin dörd müəssisədə tətbiqi şirkətin istehsalat şəbəkəsinin innovasiya imkanlarını və genişlənmə potensialını nümayiş etdirir.
“Automated Driving In-Plant” sistemi yeni istehsal olunmuş avtomobillərin zavodun xüsusi ayrılmış istehsalat və logistika zonalarında sürücüsüz hərəkətini təmin edir.
Texnologiyanın iş prinsipi xarici sensorlara, bulud əsaslı hesablama infrastrukturuna və marşrutların planlaşdırılması proqram təminatına əsaslanır. Zavod ərazisində quraşdırılmış LiDAR sensorları ətraf mühiti fasiləsiz skan edərək avtomobillərin real vaxt rejimində hərəkətinə şərait yaradır. “BMW Group”un ən geniş LiDAR infrastrukturu Dingolfinq zavodunda yerləşir.
Oksford zavodu avtomatik hərəkət sisteminin mövcud istehsalat idarəetmə sistemlərinə birbaşa inteqrasiya edildiyi ilk müəssisə olub. Bulud əsaslı həll avtomobillərlə konveyer və qaldırıcı avadanlıqlar arasında avtomatlaşdırılmış qarşılıqlı əlaqə yaradır.
“BMW Group” AFW texnologiyasını İsveçrənin “Embotech” şirkəti ilə birgə hazırlayıb. Avtomobil istehsalçısının vençur investisiya fondu “BMW i Ventures” 2024-cü ilin dekabrında “Embotech” şirkətində pay əldə edib.
Sistemin genişləndirilməsi avtomobil istehsalında daxili logistikanın avtomatlaşdırılması və rəqəmsallaşdırılması istiqamətində atılan addımlardan biridir. LiDAR sensorları və bulud texnologiyalarının tətbiqi avtomobillərin zavod daxilində hərəkətinin idarə edilməsini asanlaşdırır, istehsalat avadanlıqları ilə inteqrasiyanı gücləndirir.
İstehsalat proseslərinin avtomatlaşdırılması şirkətlərə əməliyyatların səmərəliliyini artırmaq imkanı versə də, bu tendensiya uzunmüddətli perspektivdə sənaye müəssisələrində iş bölgüsünə və əmək bazarının strukturuna da təsir göstərə bilər.
MONETAR.AZ