DİM nümayəndələri Bişkekdə beynəlxalq elmi-praktik konfransda iştirak ediblər

DİM nümayəndələri Bişkekdə beynəlxalq elmi-praktik konfransda

2026-cı il oktyabrın 29-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində Milli Qəbul imtahanlarının 25 illiyinə həsr olunmuş “Bərabər şans – böyük gələcək!” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Qırğız Respublikasının Elm, Ali Təhsil və İnnovasiyalar Nazirliyi ilə Maarif Nazirliyinin dəstəyi, Təhsildə Qiymətləndirmə və Tədris Metodları Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət İmtahan Mərkəzini (DİM) Natiq Əliyev və Afiqə Batıyeva təmsil ediblər.

Konfrans çərçivəsində müasir qiymətləndirmə yanaşmaları, milli qiymətləndirmə sistemlərinin inkişafı, imtahan proseslərinin rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi müzakirə olunub.

Konfransın rəsmi açılışında çıxış edən Natiq Əliyev Qırğız Respublikasının Təhsildə Qiymətləndirmə və Tədris Metodları Mərkəzinin kollektivini yubiley münasibətilə təbrik edib.

O, Azərbaycanda mərkəzləşdirilmiş imtahan sisteminin inkişaf mərhələləri, buraxılış və qəbul imtahanlarının təşkili mexanizmləri, eləcə də qiymətləndirmə prosesində tətbiq olunan psixometrik təhlil üsulları barədə məlumat verib.

Tədbirdə Afiqə Batıyeva “Məktəb dərsliklərinin elmi-metodiki monitorinqi və imtahan modellərinin məzmununun inkişaf dinamikası” mövzusunda təqdimatla çıxış edib.

O, yeni kurikulumların tətbiqi şəraitində dərsliklərin qiymətləndirilməsi meyarları və imtahan məzmununun zamanla dəyişməsi barədə iştirakçıları məlumatlandırıb.

Konfransın sonunda təhsil və qiymətləndirmə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, xüsusilə Türk dünyası ölkələrinin test mərkəzləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.