Hər il oktyabrın 31-də Dünya Şəhərlər Günü qeyd olunur. Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə məskunlaşıb və urbanizasiya prosesinin qarşıdakı onilliklərdə daha da sürətlənəcəyi gözlənilir.
Mövcud göstəricilərə əsasən, dünya əhalisinin təxminən 55 faizi şəhərlərdə yaşayır. Proqnozlara görə, 2050-ci ilədək bu göstərici 75 faizə çatacaq.
Şəhərlər qlobal enerji istehlakında və ətraf mühitə təsirdə də mühüm paya malikdir. Belə ki, dünya üzrə enerji tələbatının təxminən üçdə ikisi, istixana qazı emissiyalarının isə 70 faizdən çoxu şəhərlərin payına düşür. Bu səbəbdən şəhərsalma, infrastrukturun inkişafı, enerji səmərəliliyi, elektrik enerjisi istehsalı və nəqliyyat sahələrində qəbul edilən qərarlar gələcəkdə ekoloji dayanıqlılıq baxımından həlledici rol oynaya bilər.
Şəhərlər yalnız əhalinin sıx məskunlaşdığı ərazilər deyil, həm də iqtisadiyyatın, ticarətin, elmin, mədəniyyətin və sosial inkişafın əsas mərkəzləridir. Dünya üzrə ümumi daxili məhsulun 80 faizindən çoxu məhz şəhərlərdə formalaşır.
Urbanizasiyanın yaratdığı imkanlarla yanaşı, infrastruktur yükü, ekoloji problemlər və resurslardan səmərəli istifadə kimi çağırışlar da şəhərlərin dayanıqlı inkişafını zəruri edir.
Qeyd edək ki, 2016-cı ilin oktyabrında Kiotoda şəhərlərin inkişafına dair proqram qəbul edilib. Sənədin əsas məqsədi ekoloji baxımdan dayanıqlı, təhlükəsiz və firavan şəhərlərin qurulması və inkişafı üçün strateji yanaşmanı müəyyənləşdirməkdir.
MONETAR.AZ