Milli Məclis Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə institutları və maliyyə qrupları üzərində nəzarət imkanlarının genişləndirilməsini nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
“Report”un məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb və səsvermə nəticəsində qəbul olunub.
Dəyişikliyə əsasən, AMB maliyyə institutlarının və maliyyə qruplarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri üzrə profillərini dövri olaraq qiymətləndirəcək.
Qiymətləndirmə zamanı, həmçinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinə əməl edilməməsi ilə bağlı risklər nəzərə alınacaq.
Maliyyə institutunun və ya daxil olduğu maliyyə qrupunun idarəetmə və əməliyyatlarında əhəmiyyətli dəyişikliklər baş verdikdə risk qiymətləndirilməsi təkrar aparılacaq. Bu hallara aşağıdakılar daxildir:
-
maliyyə institutunun yenidən təşkili;
-
benefisiar mülkiyyətçilərin dəyişməsi;
-
fəaliyyət növlərinin, müştəri qruplarının və ya coğrafi fəaliyyət dairəsinin dəyişməsi;
-
əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyinin və ya məbləğinin 40% və daha çox artması.
AMB-nin nəzarət tədbirlərinin dövriliyi və intensivliyi bir sıra amillər əsasında müəyyənləşdiriləcək. Buraya maliyyə institutlarının və qrupların risk profilləri, onların siyasətləri, daxili qaydaları, nəzarət mexanizmləri və prosedurları daxildir.
Bundan başqa, ölkə səviyyəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və bu fəaliyyətlərin maliyyələşdirilməsi riskləri də nəzərə alınacaq.
Nəzarət mexanizmlərinin müəyyənləşdirilməsində maliyyə institutlarının və qrupların xüsusiyyətləri, onların sayı və müxtəlifliyi, eləcə də risk əsaslı yanaşma çərçivəsində normativ aktlarla verilmiş səlahiyyətlərin genişliyi də əsas götürüləcək.
Layihəyə əsasən, AMB-nin nəzarəti yalnız ayrı-ayrı maliyyə institutlarına deyil, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.
Konsolidasiya olunmuş nəzarət bankları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıları, təkrarsığortaçıları, sığorta vasitəçilərini, investisiya şirkətlərini, investisiya fondlarını və onların idarəçilərini, həmçinin xarici investisiya fondlarının nümayəndəliklərini əhatə edən maliyyə qrupları üzrə həyata keçiriləcək.
Bu yanaşma çərçivəsində nəzarət ayrı-ayrı qurumlarla məhdudlaşmayacaq, maliyyə qrupunun bütövlükdə fəaliyyətini əhatə edəcək.
Qanun layihəsi Mərkəzi Bankın məlumat əldə etmək səlahiyyətlərini də dəqiqləşdirir. Belə ki, AMB nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və ya maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb edə biləcək.
Tələb olunan sənədlər və məlumatlar Mərkəzi Bankın sorğusunda göstərilən müddətdə təqdim edilməlidir.
Beləliklə, dəyişikliklər AMB-nin maliyyə institutları və maliyyə qrupları üzrə risk əsaslı nəzarət, risklərin qiymətləndirilməsi və məlumat tələb etmək səlahiyyətlərinin daha geniş və konkret hüquqi çərçivədə müəyyənləşdirilməsini nəzərdə tutur. Qanun layihəsi parlamentdə müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.