Kanadanın Baş naziri Mark Karni dünya maliyyə sisteminin ABŞ dollarından asılılığının tədricən azaldılmasının və alternativ ödəniş mexanizmlərinin inkişaf etdirilməsinin vacibliyini bildirib. O, Kanada ilə Avropa arasında ödəniş sistemləri sahəsində daha sıx əməkdaşlığın mümkün olduğunu da qeyd edib.
Monetar.az xəbər verir ki, hazırda dünya mərkəzi banklarının valyuta ehtiyatlarının təxminən 57 faizi ABŞ dollarında saxlanılır. 2000-ci ildə bu göstərici təxminən 70 faiz təşkil edib. Dolların qlobal ehtiyatlardakı payı azalsa da, ABŞ valyutası digər valyutaları əhəmiyyətli dərəcədə üstələyir və beynəlxalq ticarətdə geniş istifadə olunur.
Mark Karni hesab edir ki, maliyyə və ticarət alətlərindən siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi mövcud sistemin dayanıqlığını zəiflədir. Avropa Parlamentində çıxışı zamanı o, Kanada və Avropanın ödəniş sistemləri sahəsində daha sıx əməkdaşlıq edə biləcəyini bildirib.
Karni “The New York Times”a müsahibəsində isə bir neçə ehtiyat valyutasının mövcud olduğu sistemə keçidin qlobal maliyyə sisteminin dayanıqlığını artıra biləcəyini deyib.
Kanada baş naziri dolların qlobal rolunun azaldılması ideyasını ilk dəfə irəli sürmür. O, 2019-cu ildə İngiltərə Bankının rəhbəri olduğu dövrdə mərkəzi bankların rəqəmsal valyutaları əsasında sintetik ehtiyat valyutasının yaradılmasını təklif etmişdi.
Bununla belə, hazırda ABŞ dollarını tam əvəz edə biləcək alternativ valyuta mövcud deyil. Çin yuanının mövqeyi ölkədə kapital hərəkətinə tətbiq olunan nəzarətlə məhdudlaşır. Avro da qlobal ehtiyat valyutası kimi dolların mövqeyini əhəmiyyətli dərəcədə zəiflədə bilməyib.
İqtisadçıların qiymətləndirmələrinə görə, yaxın perspektivdə ABŞ dolları dünya maliyyə sistemində əsas valyuta olaraq qalacaq.