Azərbaycanda 2024-cü ilin yanvar-aprel aylarında mülki məsuliyyət sığortası üzrə sığorta haqları 11 milyon 740 min manat, sığorta ödənişləri isə 30 min manat təşkil edib.
Hesabata əsasən, hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 22 min manat sığorta haqqı toplansa da, ödəniş qeydə alınmayıb.
Ümumi mülki məsuliyyət sığortası bazarda ən böyük paya sahib olub. Bu seqment üzrə sığorta haqları 7 milyon 759 min manat, ödənişlər isə 17 min manat təşkil edib.
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 2 milyon 340 min manat sığorta haqqı yığılıb, ödənişlərin həcmi isə 1 min manat olub.
Peşə məsuliyyətinin sığortası üzrə daxilolmalar 1 milyon 236 min manat təşkil edib. Bu sahədə sığorta ödənişləri 13 min manat olub.
İşəgötürənin məsuliyyət sığortası üzrə 246 min manat sığorta haqqı toplansa da, hesabat dövründə ödəniş aparılmayıb.
Yük daşıyanın mülki məsuliyyətinin sığortası və su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə hər biri üçün 13 min manat sığorta haqqı qeydə alınıb, lakin ödəniş olmayıb.
Dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə həm sığorta haqları, həm də ödənişlər sıfır səviyyəsində qalıb.
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası üzrə isə 112 min manat sığorta haqqı toplansa da, ödəniş qeydə alınmayıb.
MONETAR.AZ