Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının açıqladığı son statistikaya görə, 2024-cü il mayın 1-nə ölkə üzrə problemli kreditlərin ümumi məbləği 614,2 milyon manat təşkil edib.
Məlumata əsasən, aprel ayı ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmində 0,9 faiz azalma qeydə alınıb. Buna baxmayaraq, ilin əvvəlindən etibarən problemli kreditlər 17,1 faiz, illik müqayisədə isə 22,2 faiz artıb.
Ekspertlər bildirirlər ki, aylıq azalma bank sektorunda qısamüddətli sabitləşmənin siqnalı sayılsa da, ümumi dinamika kredit risklərinin hələ də yüksələn trenddə olduğunu göstərir.
Mərkəzi Bankın hesabatına görə, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 faiz təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə dəyişməz qalsa da, ötən ilin eyni dövründəki 1,7 faiz və ilin sonundakı 1,6 faiz göstəricilərindən yüksəkdir.
İqtisadçılar hesab edirlər ki, problemli kreditlərin portfeldəki payı hələlik bank sektoru üçün kritik risk yaratmasa da, son bir ildə müşahidə olunan artım tendensiyası diqqətlə izlənilməlidir. Onların fikrincə, yüksək faiz mühiti, bəzi sektorlarda ödəmə qabiliyyətinin zəifləməsi və istehlak kreditlərinin artımı problemli borcların yüksəlməsinə təsir edən əsas amillərdir.
MONETAR.AZ