Maliyyə nəhəngi daha çox süni intellekt mütəxəssisi işə götürəcək

Maliyyə nəhəngi daha çox süni intellekt mütəxəssisi

Qlobal maliyyə nəhəngi JPMorgan Chase şirkətinin baş icraçı direktoru (CEO) Ceymi Daymon, bank sektorunun gələcəyi və süni intellektin (İİ) kadr siyasətinə təsiri barədə mühüm açıqlamalar verib. Şanxayda keçirilən JPMorgan Çin Sammiti çərçivəsində Bloomberg TV-yə müsahibə verən Daymon, texnologiyanın sürətli tətbiqi fonunda bankın işəqəbul strategiyasının köklü şəkildə dəyişəcəyini bəyan edib.

Ceymi Daymon texnologiyanın inkişafı ilə bank daxilində tamamilə fərqli peşələrin yaranacağını və insan resurslarının strukturunun dəyişəcəyini vurğulayıb: "Düşünürəm ki, zaman keçdikcə bu texnologiya iş yerlərimizin sayını azaldacaq. Müəyyən kateqoriyalar üzrə daha çox İİ mütəxəssisi, daha az ənənəvi bankir işə götürəcəyik. Bu isə ümumilikdə əməkdaşların məhsuldarlığını kəskin şəkildə artıracaq."

Daymonun fikrincə, bəzi vəzifələrin ixtisar olunması qaçılmaz olsa da, qalan işçilər süni intellekt alətləri sayəsində daha səmərəli və sürətli fəaliyyət göstərə biləcəklər.

JPMorgan rəhbərinin bu çıxışı qlobal bankçılıq sektorundakı ümumi trendlərlə üst-üstə düşür. Belə ki, bu açıqlamadan cəmi bir neçə gün əvvəl Avropanın iki nəhəng maliyyə institutu olan HSBC və Standard Chartered də biznes proseslərini optimallaşdırmaq və Sİ əsaslı avtomatlaşdırmanı genişləndirmək məqsədilə işçi qüvvəsini ixtisar edəcəklərini bəyan etmişdilər.

Xüsusilə son dövrlərdə agent əsaslı süni intellekt (Agentic AI) texnologiyalarının inkişafı korporasiyalar üçün əmək xərclərini azaltmaq və ofis işçilərinin işə qəbulunu minimuma endirmək üçün əsas rıçaq rolunu oynayır.

JPMorgan süni intellekt yarışına yeni qoşulan şirkətlərdən deyil. Ceymi Daymon hələ 2025-ci ilin sonunda rəsmən açıqlamışdı ki, rəhbərlik etdiyi bank ən azı 2012-ci ildən bəri süni intellekt texnologiyalarına ardıcıl investisiyalar yatırır. Hazırda bank təkcə süni intellekt layihələrinə və infrastrukturuna ildə təxminən 2 milyard dollar vəsait ayırır.

Dünyanın ən böyük investisiya bankının bu addımı göstərir ki, maliyyə sektorunda rəqabət qabiliyyətini qorumaq artıq təkcə kapitalın həcmindən deyil, həm də süni intellekt mütəxəssislərindən ibarət güclü texnoloji komandaya sahib olmaqdan asılıdır.

MONETAR.AZ