Süni intellekt (AI) sənayesində çiplərin qara bazara sızması ətrafında növbəti beynəlxalq qalmaqal yaşanır. Nvidia şirkətinin baş icraçı direktoru Jensen Huang, Tayvan hakimiyyətinin ABŞ-ın sanksiyalarından yan keçərək Çinə süni intellekt avadanlıqları qaçaqmalçılığı edən şəxsləri həbs etməsindən sonra əsas tərəfdaşlarından biri olan Super Micro Computer şirkətinə ciddi xəbərdarlıq edib.
Taybeyə səfəri zamanı jurnalistlərə açıqlama verən Huang, tərəfdaşlarından qlobal ticarət qaydalarına qeyd-şərtsiz əməl etmələrini tələb etdiklərini və Super Micro-nun uyğunluq (compliance) prosedurlarını daha da sərtləşdirəcəyinə ümid etdiyini bildirib.
Tayvanda keçirilən xüsusi əməliyyat nəticəsində sənədlərin saxtalaşdırılması ittihamı ilə üç nəfər saxlanılıb. İstintaqın ilkin məlumatlarına görə, bu şəxslər Vaşinqtonun 2022-ci ildən tətbiq etdiyi qadağaları pozaraq hərəkət ediblər. Saxlanılan şəxslər Super Micro istehsalı olan yüksək performanslı AI serverlərini sənədlərdə fərqli təyinatlar göstərməklə saxta yollarla Çin, Honkonq və Makao bazarlarına ixrac etməyə cəhd göstəriblər.
Şirkət Nvidia-nın istehsal etdiyi güclü AI çiplərini ChatGPT və digər irihəcmli dil modellərinin öyrədilməsi üçün zəruri olan server sistemlərinə (şkaflarına) inteqrasiya edən ən böyük qlobal tərəfdaşdır.
Buna baxmayaraq, Jensen Huang Çinin hələ də Nvidia üçün kritik bir bazar olduğunu gizlətməyib. O vurğulayıb ki, ABŞ-la mövcud geosiyasi gərginliyə rəğmən, şirkətin 2 milyard dollarlıq qlobal prosessor bazarı proqnozlarına Çin bazarı da daxildir.
Bu gərginlik fonunda Nvidia gələn həftə Taybeydə ilin ən böyük texnoloji hadisələrindən biri hesab olunan GTC konfransını keçirməyə hazırlaşır. Tədbirin mərkəzində üçüncü rübdə rəsmən təqdim ediləcək yeni nəsil Vera Rubin platforması dayanır.
Jensen Huang yeni arxitektura haqqında iddialı açıqlamalar verib: "Vera Rubin indiyədək yaratdığımız ən uğurlu və şirkət tarihində ən sürətli miqyaslanan məhsul nəsli olacaq. Əvvəllər bizimlə yalnız bir-iki qabaqcıl AI startapı əməkdaşlıq edirdisə, indi bu sahədə fəaliyyət göstərən bütün qlobal texnologiya nəhəngləri Nvidia ilə işləyir."
Vera Rubin sisteminin əsas texniki xüsusiyyətləri:
-
Agent əsaslı AI optimizasiyası: Avtonom qərarlar qəbul edə bilən süni intellekt agentlərinin işlədilməsi, mürəkkəb məntiqi nəticəçıxarma (reasoning) prosesləri və çox böyük (uzun) kontekstli tapşırıqların icrası üçün xüsusi olaraq hazırlanıb.
-
Məlumat mərkəzlərinin miqyaslanması: Sistem AI fabriklərinə hesablama gücünü həm tək bir server şkafı daxilində, həm də bütün superkompüter data mərkəzi səviyyəsində təhlükəsiz və fasiləsiz olaraq genişləndirməyə imkan verir.
-
Nəhəng tədarük zənciri: Cəmi bir ədəd Vera Rubin sistemi təxminən 2 milyon fərqli hissədən ibarətdir. Bu mürəkkəb mexanizmin ərsəyə gəlməsində Tayvanın yerli ekosistemi üzrə 150-dən çox strateji tərəfdaş fəaliyyət göstərir.
MONETAR.AZ