Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Qurban bayramı və 28 May Müstəqillik Günü ilə əlaqədar olaraq respublika ərazisindəki bütün avtovağzal və avtostansiyaların 26-31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyini bəyan edib.
Ardıcıl 5 günlük qeyri-iş günlərində (27–31 may) bölgələrə yaranacaq güclü sərnişin axınını idarə etmək və vətəndaşların rahatlığını təmin etmək üçün marşrutlar üzrə xüsusi nəzarət tədbirləri həyata keçiriləcək.
AYNA tərəfindən daşıyıcılara və avtovağzal rəhbərliklərinə fasiləsiz və təhlükəsiz xidmətin təşkili ilə bağlı konkret tapşırıqlar verilib:
-
Əlavə avtobuslar: Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) və digər regional məntəqələrdə sərnişin çoxluğuna uyğun olaraq xətlərə lazımi sayda əlavə avtobuslar buraxılacaq.
-
İnterval və təhlükəsizlik: Avtobusların hərəkət qrafikinə (intervalına) ciddi riayət olunmasına və sürücülərin sərnişindaşıma təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət ediləcək.
-
Tarif nəzarəti: Kassalarda biletlərin qanunla müəyyən edilmiş rəsmi tariflərə uyğun satılması təmin olunacaq, süni qiymət artımının qarşısı alınacaq.
AYNA vətəndaşlara vaxta qənaət etmək, növbələrdə gözləməmək və daha rahat səfər etmək üçün biletləri öncədən onlayn qaydada əldə etməyi tövsiyə edir.
Hazırda vahid onlayn bilet sistemi olan biletim.az portalına 409 nəqliyyat vasitəsi (361 reys) inteqrasiya olunub. Vətəndaşlar portal vasitəsilə 58 məntəqəyə 94 istiqamət üzrə rahatlıqla bilet ala bilərlər.
Biletləri həm portal üzərindən onlayn, həm də avtovağzalların mövcud fiziki kassalarından rəsmi qiymətlərlə əldə etmək mümkündür.
Bayram günlərində yollarda və xüsusilə Bakı Beynəlxalq Avtovağzalında sıxlıq yaşamamaq üçün vətəndaşların gediş və dönüş biletlərini bir neçə gün öncədən "biletim.az" platformasından rəsmiləşdirmələri məqsədəuyğundur.