Azərbaycanın bank sektorunun beynəlxalq maliyyə bazarlarından asılılığı zəifləyir. Mərkəzi Bankın aprel bülletenində ən diqqətçəkən tendensiyalardan biri də monetar sektorda – bankların xarici öhdəliklərində qeydə alınıb. Hesabata görə bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 762 milyon manat (təxminən 23%) azalaraq 2 milyard 499.6 milyon manata düşüb.
Mərkəzi Bank bu azalmanı qeyri-rezident (xarici) hüquqi şəxslərin cari hesablarının boşaldılması və qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozit və kreditlərin həcmindəki geriləmə ilə əsaslandırır.
Xarici kapitalın bu templə ölkənin bank sistemini tərk etməsi, yerli bankların beynəlxalq arenada ucuz xarici resurslara çıxış imkanlarının məhdudlaşdığını və investorların yerli bazara uzunmüddətli vəsait yerləşdirməkdən yayındığını deməyə əsas verir.
Bu isə gələcəkdə daxili bazarda kreditlərin bahalaşması riskini yaradır.
MONETAR.AZ