İdxalda kilosu 1 manat 30 qəpik, marketdə bir ədədi 1 manat 50 qəpik

İdxalda kilosu 1 manat 30 qəpik,

2026-cı ilin yanvar-mart aylarında Azərbaycana təzə və ya qurudulmuş limon və laym idxalı üzrə göstəricilər açıqlanıb. Gömrük statistikasına əsasən, hesabat dövründə ölkəyə ümumilikdə 3 min 838 ton məhsul idxal olunub. İdxalın ümumi dəyəri isə 2 milyon 931 min ABŞ dolları təşkil edib.

Hesablamalara görə, 1 kiloqram limon və laymın orta idxal qiyməti təxminən 76 sent səviyyəsində formalaşıb.

Məlumatlara əsasən, hesabat dövründə Azərbaycandan cəmi 30 kiloqram məhsulun Səudiyyə Ərəbistanına ixracı qeydə alınıb ki, bu da ümumi ticarət dövriyyəsində simvolik göstərici hesab olunur.

Azərbaycanın limon bazarında əsas tədarükçü Türkiyə olub. Qonşu ölkədən 3 min 726 ton məhsul idxal edilib ki, bu da ümumi idxalın 97 faizindən çoxunu təşkil edir. Türkiyədən gətirilən məhsulun ümumi dəyəri 2 milyon 817 min dollar olub. Beləliklə, bu ölkədən idxal edilən 1 kiloqram limonun orta qiyməti təxminən 76 sent təşkil edib.

İrandan idxal olunan 47.4 ton məhsul üçün 35.6 min dollar ödənilib. Bu ölkə üzrə 1 kiloqramın orta qiyməti təxminən 75 sent olub.

Suriyadan gətirilən 37.1 ton məhsulun ümumi dəyəri 27.9 min dollar təşkil edib və orta qiymət təxminən 75 sent səviyyəsində formalaşıb.

Braziliyadan idxal olunan 15.4 ton limon və laym üçün 31.5 min dollar ödənilib. Bu isə 1 kiloqram üzrə təxminən 2.05 dollar orta qiymət deməkdir və əsas tədarükçülər arasında ən yüksək göstəricilərdən biri sayılır.

Cənubi Afrika Respublikasından gətirilən 12.4 ton məhsulun ümumi dəyəri 18.2 min dollar olub. Burada 1 kiloqramın orta idxal qiyməti təxminən 1.47 dollar təşkil edib.

Vyetnam və Kolumbiyadan idxal edilən məhsulların həcmi isə olduqca aşağı olub və ümumi bazarda payı 0.01 faizdən də az təşkil edib.

Paytaxt bazarlarında isə limonun pərakəndə satış qiymətləri keyfiyyət və mənşədən asılı olaraq dəyişir. Hazırda Bakı bazarlarında 1 ədəd limonun qiyməti orta hesabla 70 qəpikdən 1 manat 50 qəpiyədək təklif olunur.

MONETAR.AZ