Biznes qurumları pullarını banklarda uzunmüddətli saxlamaq istəmir. Depozitlərin 75%-i "hər an çıxarıla bilən" vəsaitlərdir.
Azərbaycan banklarının depozit portfelinin keyfiyyət analizi biznes subyektlərinin bank sisteminə olan yanaşmasında gizli bir problemi ortaya qoyub. Aprelin sonuna banklarda hüquqi şəxslərin (şirkətlərin) cəmi 20 milyard 498.6 milyon manatlıq depoziti cəmləşsə də, bunun 74.8 %-i (15 milyard 342.9 milyon manatı) sadəcə tələbli hesablardan (cari hesablar) ibarətdir.
Bu o deməkdir ki, şirkətlər pullarını banklarda müddətli əmanət kimi yerləşdirmir, yalnız gündəlik əməliyyatlar üçün cari hesablarda tuturlar. Banklar üçün "tələbli" depozitlər qeyri-sabit resurs sayılır, çünki şirkət bu pulu istədiyi gün tamamilə çıxara bilər. Biznesin banklara uzunmüddətli (müddətli) depozit qoymaqdan çəkinməsi həm makroiqtisadi gözləntilərdəki qeyri-müəyyənliyi göstərir, həm də bankların iqtisadiyyata uzunmüddətli, ucuz biznes kreditləri vermək imkanını kökündən sarsıdır.
MONETAR.AZ