Bakı-Tbilisi istiqamətində hərəkət edəcək beynəlxalq sərnişin qatarına minik üçün biletdən əlavə bir sıra sənədlərin təqdim olunması məcburi olacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, sərnişinlər qatara minik zamanı ümumvətəndaş pasportunun əslini təqdim etməlidirlər. Qeyd olunub ki, “mygov” platformasından əldə edilən rəqəmsal pasport versiyası keçərli hesab edilmir.
Bundan əlavə, Gürcüstan tərəfinin tələblərinə uyğun sağlamlıq sığortasının olması da məcburidir.
ADY-nin açıqlamasına görə, 5 yaşadək uşaqlarla səfər edən şəxslər həmin uşağın adına rəsmiləşdirilmiş pulsuz bileti təqdim etməlidirlər.
Eyni zamanda, bir valideynlə səfər edən uşaqlar üçün digər valideynin, valideynsiz başqa bir böyüklə səfər edən uşaqlar üçün isə hər iki valideynin notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.
“Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın. Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərini həyata keçirəcək”, – məlumatda qeyd olunub.
MONETAR.AZ