Kaspersky “Gözəgörünməz nəzarət və ya rəqəmsal zorakılıq nədir” adlı hesabatını yayımlayıb. Qlobal sorğuya əsaslanan sənədə görə, dünyada respondentlərin 46%-i son 12 ay ərzində ən azı bir rəqəmsal zorakılıq forması ilə qarşılaşıb. Bununla belə, sorğuda iştirak edənlərin yalnız 32%-i bu terminin nə demək olduğunu anlayır. Bu isə məlumatlılıq səviyyəsinin aşağı olduğunu göstərir: bir çox insan müxtəlif rəqəmsal zorakılıq formaları ilə üzləşsə də, bunu zorakılıq kimi tanımır.
Rəqəmsal zorakılıq nədir?
əqəmsal zorakılıq smartfonlar, sosial şəbəkələr və onlayn platformalar vasitəsilə həyata keçirilən aqressiv və ya nəzarətedici davranışların müxtəlif formalarını əhatə edir. Buraya onlayn təcavüz, təcrid, izləmə, başqa bir insan kimi davranmaq, saxta hesablar yaratmaq və ya rəqəmsal təqib daxil edilə bilər. Bu cür davranışlar gündəlik rəqəmsal ünsiyyətin bir hissəsinə çevrildiyi üçün insanlar onları çox vaxt təhdid kimi qəbul etmirlər.
“Psixologiya professoru Con Suler 2004-cü ildə ‘onlayn disinhibisiya effekti’ni təsvir edib. Bu effektə görə, istifadəçilər anonimlik hiss etdikdə oflayn mühitlə müqayisədə daha az nəzarətli davranırlar. Onlayn ünsiyyətdə insanlar qarşı tərəfi ‘daha az real’ qəbul edir, anonimlik və fiziki görünməzlik isə həmsöhbətin emosional vəziyyətini və reaksiyasını gizlədir. Nəticədə istifadəçi davranışını dayandırmalı olduğunu göstərən qarşı əlaqəni almır. Bu baxımdan rəqəmsal zorakılığın nə olduğunu, onu necə tanımaq və qarşısını almaq lazım gəldiyini izah edən maarifləndirmə xüsusilə əhəmiyyətlidir”, — deyə HSE Təhsil İnstitutunun Müasir Uşaqlığın Araşdırmılması Mərkəzinin direktoru Aleksandra Boçaver bildirib.
İnsanlar nə ilə qarşılaşırlar?
Hesabata əsasən, rəqəmsal zorakılıqla qarşılaşan şəxslər orta hesabla onun iki fərqli formasını yaşayıblar. Ən geniş yayılmış praktika zərər vermək məqsədilə bloklama və təcrid etmə olub (17%). Respondentlərin 15%-i təhqiramiz və kobud mesajlar alıb, təxminən 8,5%-i rəqəmsal təqiblə, 5%-i isə doksinq ilə üzləşib. Bu davranışların bir hissəsi yalnız internetdəki yad şəxslərin manipulyativ və emosional zərərli davranışları ilə deyil, həm də şəxsi münasibətlər daxilində rəqəmsal nəzarətlə əlaqəlidir.
“Rəqəmsal zorakılıq və müxtəlif onlayn təqib formaları xüsusilə münasibətlər bitdikdən sonra nəzarət, qorxutma və ya keçmiş tərəfdaş üzərində təsiri saxlamaq məqsədilə istifadə olunur. Təcrübəmizdə sosial şəbəkələr vasitəsilə hədələr, şəxsi məlumatların paylaşılması, dərin saxtakarlıqların (deepfake) yaradılması və onlayn təqib halları ilə rastlaşırıq. Son nümunələrdən biri keçmiş həyat yoldaşının hərəkətlərini gizli izləmək üçün uşağın telefonundan istifadə olunmasıdır. Təhdid, izləmə və şəxsi məlumatların yayılması faktlarını qeydə almaq vacibdir, çünki bu, hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət zamanı kömək edə bilər. Əgər mümkündürsə, yaxınlarınızı rəqəmsal təzyiq barədə məlumatlandırın və psixoloji və hüquqi dəstək üçün böhran mərkəzlərinə müraciət edin”, — deyə Nijeqorod Qadın Böhran Mərkəzi - qadınlara və onların ailələrinə dəstək” adlı Nijeqorod vilayət ictimai təşkilatının sədri Anastasiya Yermolayeva bildirib.
Kiberstalkinq
“Kaspersky Digital Footprint Intelligence” xidmətinin mütəxəssisləri doksinq və rəqəmsal təqib xidmətləri üzrə qara bazarın böyüdüyünü qeyd edirlər. Darknet forumlarında bu xidmətlərin qiyməti 50 ABŞ dollarından 4 min ABŞ dollarına qədər dəyişə bilər.
Bununla yanaşı, “stalkerware” adlanan izləmə proqramlarının yayılması da artır. Bu cür kommersiya proqramları gizli müşahidə və şəxsi həyata müdaxilə üçün istifadə olunur. Bu tətbiqlər vasitəsilə cinayətkarlar qurbanın mesajlarına, şəkillərinə, geolokasiyasına, sosial şəbəkə hesablarına, həmçinin audio və video yazılarına, hətta bəzən real vaxt rejimində çıxış əldə edə bilirlər. Bu cür proqramların quraşdırılması üçün adətən cihaza fiziki giriş tələb olunur. Lakin proqram özü gizli şəkildə arxa fonda işləyir və qurban izlənildiyini bilməyə bilər.
“İnternetə çıxışı olan istənilən şəxsin asanlıqla yükləyib quraşdıra biləcəyi stalkinq proqramları cinayətkarlara qurbanın smartfonuna demək olar ki, istənilən yerdən uzaqdan giriş imkanı verir. Bu proqramlar arxa fonda işlədiyi və görünmədiyi üçün bir çox istifadəçi hərəkətlərinin və yerləşmələrinin izlənilə biləcəyindən xəbərsiz olur. Buna görə də bu cür aktivliyi necə müəyyənləşdirməyi və onlayn izləmə şübhəsi yarandıqda nə etmək lazım gəldiyini bilmək vacibdir”, — deyə Kaspersky GReAT-ın aparıcı mütəxəssisi Tatyana Şişkova bildirib.
İzləmə tətbiqləri: qlobal statistika. 2024–2025-ci illərdə yalnız Kaspersky həlləri tərəfindən 34 mindən çox istifadəçinin cihazında bu cür proqramlar aşkar edil. Son beş ildə isə 160-dan çox ölkədə 127 mindən artıq insanın cihazında “stalkerware” yükləndiyi müəyyən olunub. Rusiya, Braziliya və Hindistan əvvəlki illərdə olduğu kimi, bu problemdən ən çox təsirlənən ölkələr sırasında yer alıb. 2024–2025-ci illərdə şirkətin ekspertləri stalkinq proqramlarının əvvəllər məlum olmayan 33 ailəsini aşkar ediblər.
Kaspersky tövsiyə edir:
- “Stalkinq proqramlarını aşkar edə və şübhəli aktivlik barədə xəbərdarlıq edə bilən təhlükəsizlik həllərindən istifadə edin. Məsələn, pulsuz “Android” üçün Kaspersky tətbiqi rəqəmsal izləmə alətlərini müəyyənləşdirə və naməlum “Bluetooth” cihazları, o cümlədən simsiz izləmə nişanları barədə xəbərdarlıq edə bilir.
- Aşkarlanmış stalkinq proqramını dərhal silməyin: onu quraşdıran şəxs yaxınlıqda və ya sizinlə birlikdə yaşayırsa, bu təhlükəli ola bilər. Əvvəlcə vəziyyəti qiymətləndirmək və mümkün olduqda kömək almaq lazımdır.
- Əsas smartfonun izlənildiyindən şübhələnirsinizsə, dəstək xidmətlərinə, böhran mərkəzlərinə və ya yaxınlarınıza müraciət etmək üçün başqa cihazdan istifadə edin.