Avtosığorta üzrə ödənişlər yığımlara yaxınlaşır - zərərlilik yüksəlir

Avtosığorta üzrə ödənişlər yığımlara yaxınlaşır -

2026-cı ilin yanvar–aprel ayları üzrə Azərbaycanda icbari sığorta növləri üzrə yığılan sığorta haqları və həyata keçirilən ödənişlərin statistikası məlum olub.

Məlumata əsasən, sığorta bazarında ən böyük paya sahib olan və eyni zamanda ən yüksək zərərlilik dərəcəsi ilə seçilən sığorta növü ənənəvi olaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır.

Hesabat dövründə bu istiqamət üzrə 57 milyon 517 min manat sığorta haqqı toplanıb, qarşılığında isə 51 milyon 709 min manat sığorta ödənişi həyata keçirilib. Bu göstərici yığılan vəsaitlərin təxminən 90 faizə yaxın hissəsinin ödənişlərə yönəldiyini göstərir və avtosığorta seqmentində zərərliliyin yüksək olduğunu təsdiqləyir.

Daşınmaz əmlakın icbari sığortası üzrə isə vəziyyət fərqlidir. Bu növ üzrə 11 milyon 625 min manat sığorta haqqı toplanıb, lakin sığorta hadisələri üzrə cəmi 988 min manat ödəniş həyata keçirilib. Bu isə həmin seqmentdə yığımların ödənişləri dəfələrlə üstələdiyini göstərir.

Digər icbari sığorta növlərində də oxşar tendensiya müşahidə olunur. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 211 min manat yığım, 46 min manat ödəniş qeydə alınıb. Sərnişinlərin icbari fərdi qəza sığortasında 52 min manat sığorta haqqı toplanıb, 8 min manat ödəniş həyata keçirilib. Digər icbari sığorta növləri üzrə isə 14 min manat yığıma qarşı heç bir sığorta ödənişi qeydə alınmayıb.

Ümumilikdə göstəricilər onu göstərir ki, icbari sığorta bazarında ən yüksək risk və ödəniş yükü avtosığorta seqmentində cəmlənib, digər icbari növlərdə isə sığorta şirkətləri üçün daha aşağı zərərlilik müşahidə olunur.

MONETAR.AZ