Azərbaycanda uşaq pulunun bərpası üçün demoqrafik çağırışlar artır

Azərbaycanda uşaq pulunun bərpası üçün

Uşaq pulu məsələsinə dövlətlərin yanaşması adətən insanların çalışqanlığı, sosial davranışı, həyat tərzi və ya tənbəlliyi ilə ölçülən məsələ deyil. Bu qərarlar daha çox ölkənin demoqrafik vəziyyəti, əhali artım tempi, yaşlanma dinamikası, əmək bazarı və uzunmüddətli sosial-iqtisadi planlaması əsasında formalaşır.

Fərqli yanaşan ölkə nümunələri olsa da, dünyada dövlətlərin böyük əksəriyyəti ilk növbədə öz demoqrafik vəziyyətinə diqqət yetirir.

Əgər əhali artımı qənaətbəxşdirsə və ölkənin mövcud resursları, sosial infrastrukturu üçün risk yaratmırsa, dövlət adətən neytral mövqe tutur. Yəni nə doğumu xüsusi şəkildə stimullaşdırır, nə də məhdudlaşdırır.

Əgər əhali artımı həddindən artıq sürətlənirsə və artıq ölkənin ərazisi, su ehtiyatları, məşğulluq bazarı və sosial yükü üçün problem yaratmağa başlayırsa, bəzi ölkələr doğumu məhdudlaşdıran siyasətlərə keçirlər. Dünya tarixində bunun nümunələri çox olub.

Amma əgər doğum azalırsa, əhali qocalırsa, gələcəkdə əmək bazarında insan çatışmazlığı, pensiya sistemində yük və demoqrafik risklər yaranırsa, dövlətlər doğumu təşviq etməyə başlayırlar.

Bu təşviq müxtəlif formalarda həyata keçirilir. Ən geniş yayılmış üsullardan biri birbaşa uşaq pulunun verilməsidir. Bundan əlavə, doğulan uşağın adına depozit və ya fond hesabının açılması, valideynlər üçün vergi güzəştləri, ipoteka və mənzil üstünlükləri, analıq və atalıq məzuniyyətləri, çoxuşaqlı ailələr üçün sosial imtiyazlar, pensiya və sosial təminat üstünlükləri və digər təşviq mexanizmləri tətbiq oluna bilər.

Yəni dövlətlər bu məsələyə daha çox insanların gündəlik davranışları, istehlak vərdişləri, sosial passivlik və ya tənbəllik prizmasından yanaşmırlar. Əsas diqqət doğum səviyyəsi, təbii artım tempi, əhalinin yaş strukturu, əmək qabiliyyətli əhalinin payı və uzunmüddətli demoqrafik davamlılıq kimi göstəricilərə yönəlir.

Bəs Azərbaycanda mövcud demoqrafik dinamika nə göstərir?

Statistik göstəricilər onu göstərir ki, Azərbaycanda demoqrafik proseslər əvvəlki dövrlərlə müqayisədə artıq fərqli mərhələyə daxil olur.

Ən vacib göstəricilərdən biri təbii artımdır. 2010-cu ildə Azərbaycanda təbii artım 112 min nəfərdən çox olduğu halda, 2024-cü ildə bu göstərici 43 min nəfərə qədər geriləyib. Başqa sözlə, təbii artım təxminən 2,5 dəfə azalıb.

Doğulanların sayı da ciddi şəkildə aşağı düşüb. 2010-cu ildə ölkədə 165,6 min uşaq doğulduğu halda, 2024-cü ildə bu rəqəm 102,3 minə enib. Bu isə qısa müddətdə əhəmiyyətli demoqrafik dəyişiklik deməkdir.

Əhalinin yaş strukturu da dəyişir. Uşaq və yeniyetmə yaş qruplarının əhali içində payı azalır, yaşlı əhalinin payı isə artır. Məsələn, 0-4 yaş qrupunun əhali içində payı 2000-ci ildə 9,1 faiz olduğu halda, 2025-ci ildə 5,6 faizə düşüb. Eyni dövrdə 70 yaşdan yuxarı əhalinin payı 2,8 faizdən 5,3 faizə yüksəlib.

Demoqrafiyada ən vacib sərhədlərdən biri əhalinin özünü yeniləmə həddidir. Adətən ümumi nəsilvermə əmsalının təxminən 2,1 olması əhalinin uzunmüddətli dövrdə özünü stabil şəkildə əvəz etməsi üçün kifayət hesab olunur. Göstərici 2,1-dən aşağı düşəndə artıq gələcəkdə yaşlanma və əmək qabiliyyətli əhalinin azalması riski yaranmağa başlayır. 1,7-1,8 aralığı risk siqnalı sayılır. 1,5 və daha aşağı səviyyə isə bir çox ölkələrdə ciddi demoqrafik narahatlıq mərhələsi hesab edilir.

Azərbaycanda isə ümumi nəsilvermə əmsalı 2000-ci ildə 2,0, 2010-cu ildə 2,3 olduğu halda, 2020-ci ildə 1,7-yə, 2024-cü ildə isə 1,4-ə düşüb. Bu isə doğum səviyyəsində azalma meylinin artıq uzunmüddətli tendensiyaya çevrildiyini göstərir.

Bu dinamikanın gələcək illərdə hansı sürətlə davam edəcəyini zaman göstərəcək. Amma hazırkı statistik trend onu deməyə əsas verir ki, gələcəkdə dövlətin demoqrafik təşviq mexanizmlərinə daha ciddi şəkildə müraciət etməsi ehtimalı artır.

Eldəniz Əmirov

İqtisadçı