Gənclər niyə təmirli mənzildən imtina edir?

 Gənclər niyə təmirli mənzildən

Azərbaycanda mənzil qiymətlərinin sürətlə artması gənclərin seçimlərinə ciddi təsir göstərir. Son illər Bakıda yeni tikililərdə mənzillərin 1 kvadratmetrinin qiyməti orta hesabla 2 500-4 000 manat arasında dəyişir. Mərkəzi ərazilərdə isə bu rəqəm 5 min manatı keçir. Bu səbəbdən bir çox gənc təmirli ev əvəzinə daha ucuz, təmirsiz mənzil almağa üstünlük verir.

Ekspertlərin fikrincə, hazırda gənclərin əsas məqsədi ilk növbədə mənzil sahibi olmaqdır. Məsələn, 70 kvadratmetrlik orta statistik bir mənzilin qiyməti Bakıda 180-250 min manat arasında dəyişir. İlkin ödəniş üçün isə ən azı 50 min manat tələb olunur. Bu səbəbdən alıcılar əlavə 30-50 min manatlıq təmir xərclərindən yayınmağa çalışırlar.

Əmlak bazarı üzrə mütəxəssislər bildirirlər ki, xüsusilə 25-35 yaş arası vətəndaşlar arasında “podmayak” və ya tam təmirsiz mənzillərə maraq artıb. Çünki aylıq ipoteka ödənişləri artıq bir çox ailənin büdcəsinə ciddi yük yaradır. 

Tikinti materiallarının bahalaşması da vəziyyəti çətinləşdirir. Nəticədə orta səviyyəli bir mənzilin təmiri üçün tələb olunan xərc bəzi hallarda mənzilin dəyərinin 20-25 faizinə çatır.

Sosial şəbəkələrdə aparılan müzakirələrdə də gənclər kirayə qiymətlərinin yüksək olmasından şikayətlənirlər. Hazırda Bakıda 2 otaqlı mənzillərin kirayə qiyməti  500-1200 manat arasında dəyişir. Bu isə gəncləri həm kirayə ödəyib, həm də mənzil üçün pul toplamaqda çətin vəziyyətə salır.

Mütəxəssislər hesab edirlər ki, gələcək dövrdə bazarda daha əlçatan və kiçik sahəli mənzillərə tələbat artacaq. Gənclər isə artıq bahalı interyer və dizayndan çox, mənzil sahibi olmağa üstünlük verirlər.

MONETAR.AZ