Bank of America (BofA) tərəfindən nəşr olunan son sənaye analizi və ötən günlərdə yekunlaşan "Aviasiya Liderləri Konfransı"nın nəticələri göstərir ki, 2026-cı ilin may ayında qlobal aviasiya sektoru "yüksək tələbat-məhdud təklif" tənliyində tarazlıq tapıb. Beynəlxalq neft qiymətlərinin barel başına 100 dollar həddini aşması və Yaxın Şərqdəki gərginliklər fonunda artan kerosin xərcləri, şirkətləri sərnişin daşıma tutumlarını (güclərini) azaltmağa və bilet qiymətlərini pik səviyyədə saxlamağa məcbur edir.
2026-cı ilin ikinci rübündə aviabiletlərin qiymət dayanıqlığı həm istehlakçı, həm də istehsalçı indekslərində kəskin artımlarla təsdiqlənir. Aprel ayında illik ifadədə 20,7% artım qeydə alınıb (mart ayında bu göstərici 14,9% idi). Aylıq müqayisədə qiymətlər 6,3% bahalaşıb. Aviaşirkətlərin xidmət satışı üzrə PPI indeksi apreldə illik 11,1% yüksəlib (martda 8,1%).
BofA-nın daxili kart məlumatları may ayında aviabiletlərə çəkilən ümumi xərclərin ikirəqəmli böyüdüyünü göstərir. Bu artım tranzaksiyaların sayından deyil, bir bilet üzrə ödənilən orta məbləğin yüksəlməsindən qaynaqlanır.
Artan yanacaq xərclərinə tab gətirə bilməyən ABŞ-nin məşhur loukosteri Spirit Airlines-ın may ayının əvvəlində fəaliyyətini tamamilə dayandırması, sənayedəki ümumi daşıma gücünə ciddi zərbə vurub. Şirkətlər üçüncü rüb (yay sonrası) üzrə daxili uçuş tutumu proqnozlarını aprelin ortaları ilə müqayisədə 200 baza bəndi azaldaraq 1,6%-ə endiriblər.
Yay mövsümündə daxili uçuşlar sıfıra yaxın dinamika ilə mövcud səviyyədə qalacaq. Sentyabr ayı üçün hələlik 4,1%-lik artım proqnozlaşdırılsa da, BofA analitikləri aviaşirkətlərin yaxın həftələrdə payız mövsümü üçün yeni və daha böyük ixtisarlar elan edəcəyini gözləyirlər.
ABŞ vətəndaşlarının xaricə səfərləri daxili turizmi üstələməyə davam edir. Yaxın Şərq regionu istisna olmaqla, xarici uçuşlar illik 3,7% artıb, ölkəyə gələn xarici turistlərin sayı isə 3,8% azalıb.
Şirkətlər ümumi rezervasiya portfelində çempionatın qlobal təsirini hələ ki, kütləvi hiss etmirlər. Lakin istisna olaraq United Airlines, Şimali Amerikada (ABŞ, Kanada, Meksika) oyunlara ev sahibliyi edəcək şəhərlərdə qrup mərhələsi dövrü üçün rezervasiyaların təxminən 20% artdığını xüsusi qeyd edib.
MONETAR.AZ