Maliyyədə yenilik:  Hökümət "ölü kapital"ı dirildir

Maliyyədə yenilik:  Hökümət

Azərbaycanın dövlət maliyyə idarəçiliyində yeni mərhələ başlayır. Nazirlər Kabinetinin təsdiqlədiyi “Vahid Xəzinə Hesabının qalığının idarəetməyə verilməsi Qaydaları” ilə dövlət vəsaitlərinin idarə olunması passiv saxlanma modelindən aktiv investisiya modelinə keçir.

Yeni mexanizmə əsasən, Vahid Xəzinə Hesabında (VXH) müvəqqəti olaraq istifadə olunmayan vəsaitlər Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondu (ARDNF) tərəfindən idarə edilərək beynəlxalq maliyyə bazarlarında yerləşdiriləcək və əlavə gəlir formalaşdıracaq.

Dövlət büdcəsində rüb və il ərzində formalaşan sərbəst qalığın indiyə qədər əsasən hərəkətsiz saxlanılması praktikasından fərqli olaraq, yeni yanaşma həmin vəsaitlərin “ölü kapital” kimi deyil, gəlir yaradan aktiv kimi qiymətləndirilməsini nəzərdə tutur. Xəzinə hesablarında toplanan vəsaitlər inflyasiya və pulun zaman dəyəri səbəbindən real dəyər itirdiyi üçün bu addım iqtisadi baxımdan daha səmərəli idarəetmə modelinə keçid kimi qiymətləndirilir.

Qaydalara əsasən, Maliyyə Nazirliyi likvidlik ehtiyaclarını təmin etməklə yanaşı, sərbəst qalan vəsaitləri etibarlı və yüksək reytinqli maliyyə alətlərinə yönəltmək səlahiyyəti əldə edir. Bu investisiyalardan əldə olunan gəlirlər dövlət büdcəsində ayrıca maddə kimi - “vəsaitlərin idarə olunmasından gəlirlər” olaraq uçota alınacaq və qeyri-neft gəlirlərinin artımına töhfə verəcək.

İdarəetmə funksiyasının AMB və ARDNF-yə həvalə olunması onların mövcud institusional imkanları ilə izah olunur. ARDNF artıq uzun illərdir qlobal maliyyə bazarlarında iri həcmli suveren aktivləri idarə edən qurum kimi çıxış edir, Mərkəzi Bank isə valyuta ehtiyatlarının idarə olunması və pul bazarlarında əməliyyatlar üzrə peşəkar təcrübəyə malikdir. Bu iki institutun birgə fəaliyyəti vəsaitlərin həm təhlükəsiz, həm də çevik idarə olunmasını təmin etməlidir.

Yeni qaydalar risklərin minimuma endirilməsi prinsipi üzərində qurulub. İnvestisiyalar yalnız beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək etibarlılıq dərəcəsinə malik (A- və ya A3 və daha yüksək) maliyyə alətlərinə yönəldilə bilər. Buraya əsasən dövlət istiqrazları, yüksək reytinqli bank depozitləri və beynəlxalq maliyyə institutlarının buraxdığı likvid alətlər daxildir. Eyni zamanda, daha yüksək risk daşıyan sahələrə - səhmlərə, derivativlərə, qiymətli metallara və spekulyativ alətlərə investisiya qəti şəkildə istisna edilir.

Şəffaflıq və nəzarət mexanizmi də yeni sistemin əsas elementlərindəndir. İdarəedici qurumlar hər ay Maliyyə Nazirliyinə hesabat təqdim edəcək, ildə isə yekun nəticələr Nazirlər Kabinetinə çıxarılacaq. Bu yanaşma həm operativ nəzarəti, həm də strateji qiymətləndirməni mümkün edir.

Ümumilikdə, bu islahat Azərbaycanın dövlət maliyyə idarəçiliyində daha aktiv və gəlir yönümlü modelə keçid kimi qiymətləndirilir. VXH vəsaitlərinin investisiya alətləri vasitəsilə idarə olunması büdcənin gəlir bazasını genişləndirə, dövlət resurslarının səmərəliliyini artıra və maliyyə sisteminin daha müasir idarəetmə standartlarına uyğunlaşmasına imkan yarada bilər.

MONETAR.AZ