2026-cı ilin məlumatlarına əsasən, qlobal ev təsərrüfatlarının borcu 65,3 trilyon dollara yüksəlib. Borcun böyük hissəsi isə ABŞ və Çinin payına düşür.
MONETAR.AZ xəbər verir ki, ABŞ-da ev təsərrüfatlarının ümumi borcu 21,2 trilyon dollar təşkil edir. Bu, qlobal göstəricinin 32,4 faizinə bərabərdir. Çin isə 12,3 trilyon dollarla ikinci yerdə qərarlaşıb və ümumi borcun 18,8 faizini təşkil edir.
Ev təsərrüfatlarının borcuna görə növbəti yerlərdə Böyük Britaniya (3 trilyon dollar), Yaponiya (2,5 trilyon dollar), Almaniya (2,5 trilyon dollar), Kanada (2,4 trilyon dollar), Avstraliya (2,3 trilyon dollar), Fransa (2 trilyon dollar), Hindistan (1,6 trilyon dollar) və Cənubi Koreya (1,5 trilyon dollar) qərarlaşıb.
ABŞ-da borcun əsas hissəsini ipoteka kreditləri, kredit kartları və avtomobil kreditləri təşkil edir. Ölkədə kredit kartı borcları 2025-ci ildə rekord səviyyəyə çataraq 1,3 trilyon dollar olub.
Çində isə ev təsərrüfatlarının borcu son 20 ildə sürətlə artıb. Belə ki, 2006-cı ildə 277 milyard dollar olan borc həcmi hazırda 12,3 trilyon dollara yüksəlib. Ekspertlər bunu əsasən daşınmaz əmlak sektorunda kreditləşmənin genişlənməsi ilə əlaqələndirirlər.
Mütəxəssislər bildirirlər ki, ev təsərrüfatı borcunun böyük hissəsinin az sayda ölkədə cəmləşməsi qlobal maliyyə sistemi üçün riskləri artırır. Xüsusilə yüksək faiz dərəcələri borc yükünün daha da ağırlaşmasına səbəb ola bilər.
MONETAR.AZ