"Günəş neftə qarşı": qlobal enerji böhranı yaşıl keçidin məntiqini kökündən dəyişir

"Günəş neftə qarşı": qlobal enerji böhranı yaşıl keçidin

2026-cı ilin may ayında Yaxın Şərqdə neft tədarükü ətrafında yaranan növbəti gərginlik dalğası fosil yanacaq bazarını sarsıtsa da, bərpa olunan energetikanın qlobal mövqelərini görünməmiş dərəcədə gücləndirib. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) dərc etdiyi son hesabat iqtisadi keçiddə yeni bir dövrün başladığını elan edir.

BMT-nin İqlim Dəyişmələri üzrə rəsmisi Simon Stiell vəziyyəti "sonsuz ironiya" adlandırıb: fosil yanacaq bazarındakı hər bir böhran, dünya iqtisadiyyatını neft və qaz asılılığından xilas etməli olan texnologiyaların inkişafını daha da sürətləndirir.

Uzun illər yaşıl enerjiyə keçidin əsas hərəkətverici qüvvəsi iqlim öhdəlikləri idisə, artıq əsas amil elektrik enerjisinin maya dəyəri, enerji təhlükəsizliyi və idxaldan azallıqdır.

IRENA-nın məlumatına görə, 2010-cu ildən bəri sənaye tipli akkumulyator (enerji saxlama) sistemlərinin dəyəri 93% azalıb. Yalnız son bir ildə (2025-ci ildə) BloombergNEF bu sistemlərin qiymətində daha 27% ucuzlaşma qeydə alıb (hər MVt·saat üçün 78 dollar). Bu inqilabi ucuzlaşma bərpa olunan enerjinin ən böyük qüsurunu — günəşsiz və küləksiz saatlardakı qeyri-sabitliyi aradan qaldırıb və ortaya "Zəmanətli bərpa olunan enerji dəyəri" anlayışını çıxarıb.

Yaşıl enerjiyə tələbatın strukturunu dəyişən əsas amillərdən biri də qlobal texnologiya bumudur. Süni intellekt (AI) sistemləri və nəhəng məlumat emalı mərkəzləri (data mərkəzləri) hədsiz dərəcədə böyük və fasiləsiz enerji tələb edir.

İri texnologiya nəhəngləri üçün artıq sadəcə "yaşıl kuponlar" almaq kifayət etmir; yeni karbon hesabatlılığı standartları şirkətlərdən elektrik enerjisinin məhz istifadə olunduğu anda və saatda bərpa olunan mənbədən istehsal edildiyini təsdiqləməyi tələb edir. Bu da günəş-külək-akkumulyator kombinasiyalı hibrid layihələrə investisiya axınını multiplikasiya edir. Rəsmi proqnozlara görə, qlobal enerji saxlama bazarı yaxın onillikdə hər il 10%-dən çox böyüyəcək.

Qlobal yaşıl enerji bazarında oyunçuların vəziyyəti fərqli problemlərlə xarakterizə olunur:

  • Çin (İstehsal Lideri): Dünyanın ən böyük istehsalçısı olan Çinin xarici bazarlara ekspansiyası davam edir. Təkcə mart ayında Çinin günəş paneli ixracı rekord vuraraq 68 QVt-a (əsasən Hindistan, Nigeriya və Avstraliyaya) çatıb. Lakin Reuters qeyd edir ki, Çində yaranan izafi istehsal gücü qlobal tələbi iki dəfə üstələyir və təklif bolluğu yaradır.

  • Avropa İttifaqı (Şəbəkə Böhranı): Aİ-də 2020-ci ildən bəri günəş enerjisi gücü iki dəfədən çox artıb. Bu rəqəmsal sıçrayış fərqli bir fəsad törədib: günorta saatlarında enerji bolluğu yaşandığı üçün birjada elektrik qiymətləri mənfiyə düşür və köhnə elektrik şəbəkələri həddindən artıq yüklənir.

  • ABŞ (Siyasi və Tarif əngəlləri): ABŞ-da nəhəng bazar olsa da, ticarət tarifləri, layihələrin ləng sənədləşdirilməsi və şəbəkə məhdudiyyətləri ucbatından yaşıl enerjinin maya dəyəri Asiyadan baha başa gəlir. Üstəlik, cari ilin yanvar ayında Donald Trump administrasiyası rəsmən ABŞ-ın IRENA agentliyindən çıxdığını elan edib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) rəyinə görə, yaşıl enerjinin qarşısındakı ən böyük əngəl artıq pul və ya istehsal texnologiyası deyil, elektrik şəbəkələrinin (ötürücü xətlərin) hazır olmamasıdır. Hazırda dünyada yeni yaşıl stansiyaların, data mərkəzlərinin şəbəkəyə qoşulması üçün 2500 QVt-dan çox layihə uzun növbələrdə gözləyir.

Yaxın illərdə qaz və neftdən tam imtina hələ mümkün deyil. Enerji keçidinin növbəti mərhələsi yeni günəş panelləri qurmaqdan daha çox, mövcud şəbəkələrin modernləşdirilməsini, güc elektronikasını və axın tipli batareyalar kimi uzunmüddətli saxlama texnologiyalarına investisiya qoyulmasını tələb edir.

MONETAR.AZ