Qlobal neft tədarükünün ən həssas arteriyası hesab olunan Hörmüz boğazında son 24 saat ərzində hərbi gərginlik fonunda gözlənilməz rəsmi aktivləşmə qeydə alınıb. Bloomberg agentliyinin yaydığı məlumata görə, ABŞ-ın dəniz nəzarəti və sərt embarqolarına rəğmən, boğazdan son bir ayın ən yüksək gündəlik həcmində xam neft daşınıb. İki Çin supertankeri (VLCC) və Cənubi Koreyaya məxsus bir nəhəng gəmi Hörmüzü uğurla keçərək ümumilikdə 6 milyon barel xam nefti qlobal bazara çıxarıb.
Bu logistik sıçrayış, ABŞ ilə İran arasında pərdəarxası danışıqların müsbət nəticə verə biləcəyi və regionda kommersiya tranzitinin mərhələli şəkildə bərpa olunacağı barədə birjalarda ümidləri kəskin artırıb. Bununla belə, hərbi risklər tam sovuşmadığı üçün regionda dəniz ticarəti hələ də "kölgə" rejimində idarə olunur.
Tankerlərin təhlükəsiz hərəkətini təmin etmək üçün tərəflər həm texnoloji, həm də diplomatik manevrlərə əl atıblar:
-
Transponderlərin söndürülməsi: Hörmüz boğazına daxil olmazdan əvvəl hər üç gəmi özlərinin AIS (Avtomatik Tanıma Sistemi) transponderlərini tamamilə söndürərək radarlardan qeyb olublar ("kabus gəmi" taktikası). Keçiddən sonra onlardan ikisi Oman sahillərində yenidən radarda görünsə də, üçüncünün cari statusu hələ də gizli qalır.
-
İranla koordinasiya: İran dövlət televiziyasının yaydığı kritik məlumata görə, Cənubi Koreya da Çinin taktiki yolunu izləyərək gəmilərin təhlükəsiz keçidini birbaşa İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH / IRGC) ilə koordinasiya etməyə başlayıb.
-
Hindistan da sıraya qoşulur: Yaxın Şərqdə gərginlik başlayandan bəri ilk dəfə olaraq Hindistan da Hörmüz boğazı vasitəsilə regional xam neft idxalını bərpa etmək üçün öz tanker karvanını göndərməyə hazırlaşır.
Regionda neft axını bərpa olunmağa başlasa da, ümumi həcm hələ də müharibədən əvvəlki göstəricilərdən kəskin dərəcədə aşağıdır. Buna əsas səbəb ABŞ Hərbi Dəniz Qüvvələrinin Oman körfəzi və ətraf sularda tətbiq etdiyi blokada və ciddi yoxlamalardır. ABŞ komandanlığı bəyan edib ki, sanksiya standartlarına cavab verməyən və ya riskli zonaya daxil olan 90-dan çox kommersiya gəmisinin istiqaməti güc tətbiq edilməklə məcburi şəkildə dəyişdirilib.
Bloomberg ekspertləri xəbərdarlıq edirlər ki, regionda real dəniz daşımalarının dəqiq uçotunu aparmaq qeyri-mümkündür. Xüsusilə İran və müttəfiqləri ilə əlaqəli fəaliyyət göstərən "kölgə donanması" (shadow fleet) AIS siqnallarını boğaza girməmişdən xeyli əvvəl söndürür və yalnız minlərlə kilometr uzaqda — Malay boğazına (Malacca Strait, Cənub-Şərqi Asiya) çatdıqdan sonra yenidən aktivləşdirirlər.
MONETAR.AZ