İndoneziyanın ixrac nəzarəti qərarı nikeli ucuzlaşdırıb

İndoneziyanın ixrac nəzarəti qərarı nikeli

Dünyanın ən böyük nikel istehsalçısı olan İndoneziyanın strateji xammal ixracını dövlət nəzarətinə götürmək qərarı qlobal metal bazarlarında hərəkətliliyə səbəb olub. İnvestorların yeni tədarük qaydalarını və onun bazara mümkün təsirlərini qiymətləndirməsi fondunda nikel qiymətləri ucuzlaşıb.

London Metal Birjasında (LME) üçaylıq etalon nikel fyuçersləri 1,4% dəyər itirərək ton başına 18 665 dollara geriləyib.

İndoneziya Prezidenti Prabovo Subianto tərəfindən elan edilən yeni iqtisadi siyasətin təfərrüatları Ticarət Nazirliyi və ölkənin suveren sərvət fondu olan Danantara tərəfindən açıqlanıb. Qərara əsasən, ixracın idarə edilməsi üçün yeni sistem qurulur:

  • Vahid İxracatçı Bölmə: Fondun tərkibində yaradılan xüsusi bölmə (PT Danantara Sumber Daya Indonesia - DSI) 1 sentyabr tarixindən etibarən bəzi nikel məhsullarının, o cümlədən ferroərintilərin, palma yağı və kömürün yeganə qanuni ixracatçısı olacaq.

  • Müqavilələrin Yenidən Nəzərdən Keçirilməsi: "Danantara"-nın rəhbəri bəyan edib ki, mövcud ixrac müqavilələrinə hörmətlə yanaşılacaq, lakin qlobal birja qiymətlərindən aşağı müqayisəli qiymət təyin edən və ya "vergidən yayınma" (under-invoicing) şübhəsi doğuran kontraktlar yenidən nəzərdən keçiriləcək və qiymətlər korreksiya olunacaq.

  • Keçid Dövrü: 1 iyun tarixindən etibarən ixracatçılar üçün 3 aylıq keçid və hesabatlılıq dövrü başlayır. Bu müddət ərzində bütün ticarət həcmləri və qiymət nöqtələri dövlət agentliyinə bəyan edilməlidir.

Hökumətin bu addımı normal şəraitdə tədarükün daralması qorxusu ilə qiymətləri artıra bilərdi, lakin bazarda ilkin reaksiya fərqli olub. Ekspertlər ucuzlaşmanın səbəblərini bir neçə amillə izah edirlər.

Qeyri-müəyyənlik və gözləmə mövqeyi: İnvestorlar bu qərarın birbaşa tədarük qadağası (embargo) deyil, yalnız inzibati nəzarət mexanizmi olduğunu anlayaraq kəskin risk alışlarından yayınıblar. Eyni zamanda, rəsmi Cakartanın mövcud kontraktları tanıyacağını elan etməsi bazardakı qısaqlmüddətli panikanı yatırıb və qiymətləri stabilləşdirib.

MONETAR.AZ