Bank lombardları - sərfəlidir, yoxsa təhlükəli?

 Bank lombardları - sərfəlidir,

Son dövrlər bank bazarında lombard kreditlərinə (qızıl təminatlı kreditlər) tələbatın artması fonunda rəqabət də kəskinləşib. Lakin xarici parıltı - yəni reklam lövhələrindəki "cəlbedici aşağı faizlər" hər zaman daxili reallığı əks etdirmir. Bankların qızıl girovu müqabilində təklif etdiyi şərtlər lombard bazarında müştərilərin əleyhinə işləyən bir sıra ciddi mexanizmləri və "maliyyə tələlərini" üzə çıxarıb. Bir tərəfdən riskin sıfıra bərabər olduğu bir məhsul, digər tərəfdən isə istehlak kreditlərindən geri qalmayan yüksək faiz yükləri. Bəs reallıqda nə baş verir?

Komissiya "tələsi"

Lombard kreditləri üzrə ən böyük manipulyasiya adətən illik faiz dərəcəsi ilə komissiya haqqı arasındakı tənasübdə gizlənir. Banklar nominal (kağız üzərindəki) faizi aşağı göstərməklə müştəri cəlb edir, lakin itirilən mənfəəti birdəfəlik komissiya ilə bərpa edirlər.

Hazırda bazarda ən aşağı nominal faizi (12%-dən başlayaraq) Yelo Bank təklif edir. İlk baxışdan bu olduqca sərfəli görünür. Lakin bankın tətbiq etdiyi 5%-lik komissiya haqqı bu məhsulun bütün cəlbediciliyini heçə endirir. Birdəfəlik ödənilən yüksək komissiya Faktiki İllik Faiz Dərəcəsini (FİPD) kəskin şəkildə yuxarı qaldıraraq ucuz krediti faktiki olaraq bahalı öhdəliyə çevirir.

AccessBankın 100 000 manatadək yüksək limit təklif etməsi iri məbləğdə vəsait axtaranlar üçün müsbət addımdır. Lakin burada da 5%-lik komissiya və üstəlik 18 % illik faiz yükü birləşdikdə, müştərinin borclanma xərcləri aqressiv həddə çatır.

Komissiya haqqı kredit müddətindən asılı olmayaraq nağdlaşdırma və ya rəsmiləşdirmə zamanı tam tutulduğu üçün xüsusilə qısamüddətli kreditlərdə FİFD-ni (faktiki xərci) riyazi olaraq bir neçə dəfə artırır.

 Riski az olan girov: Faizlər niyə bu qədər yüksəkdir?

Maliyyə nəzəriyyəsinə görə kreditin faiz dərəcəsi birbaşa onun risk dərəcəsi ilə tənzimlənir. Lombard kreditlərinin əsas fəlsəfəsi və üstünlüyü ondan ibarətdir ki, bankın riski sıfıra yaxındır - müştəri ödəniş edə bilməsə belə, likvidliyi (satış qabiliyyəti) ən yüksək olan aktiv - qızıl artıq bankın seyfindədir.

Belə olan halda bazarda tətbiq edilən bəzi faiz dərəcələri iqtisadi məntiqlə ziddiyyət təşkil edir. Təminatsız, zaminsiz adi istehlak kreditlərinin faiz dərəcəsinə yaxın olan bu rəqəmlər ciddi suallar doğurur. Girov tamamilə bankın əlində olduğu halda bu qədər yüksək faiz tətbiqi onsuz da çətin vəziyyətdə olan və təcili nağd pula ehtiyacı olan vətəndaşın maliyyə yükünü daha da ağırlaşdırır.

 Hansı bankı seçməli?

Aparılan analitik təhlillər göstərir ki, lombard krediti seçərkən yalnız reklamda göstərilən illik faiz dərəcəsinə deyil, mütləq şəkildə komissiya haqlarına və kreditin faktiki illik faiz dərəcəsinə (FİPP) diqqət yetirilməlidir.

Hazırda bazarda müştərilər üçün ən şəffaf şərtlər, faizləri nisbətən yüksək görünsə də, gizli xərclər formalaşdırmayan və komissiya tutmayan banklarda müşahidə olunur.

Rabitəbank – Komissiya yoxdur, lakin faiz dərəcəsi nisbətən yüksəkdir. 

VTB Azərbaycan – Komissiya yoxdur, lakin minimum 3 ay müddət məhdudiyyəti mövcuddur. 

Yelo Bank – Nominal faiz aşağıdır (12%), lakin 5% yüksək komissiya tətbiq edilir. 

AccessBank – Yüksək kredit limiti (100 000 AZN) təklif edir, lakin 5% komissiya və 18% illik faiz yükü mövcuddur. 

Lombard krediti təcili pul ehtiyacını qarşılamaq üçün effektiv alət ola bilər, lakin düzgün təhlil edilmədikdə ailə yadigarınız olan qızılların itirilməsi ilə nəticələnən maliyyə uçurumuna çevrilir. Əgər krediti qısa müddətə qaytarmağı planlaşdırırsınızsa, komissiyası 0% olan banklara müraciət etmək, bir neçə faiz yüksək dərəcəyə razı olmaq 5 %-lik birdəfəlik komissiya ödəməkdən riyazi olaraq qat-qat daha sərfəlidir.

MONETAR.AZ