Polşa istiqrazları İsveçrə frankında yerləşdirməyi planlaşdırır

Polşa istiqrazları İsveçrə frankında

Polşa on ildən artıq fasilədən sonra ilk dəfə İsveçrə frankı ilə nominallaşdırılmış istiqrazlar yerləşdirməyə hazırlaşır. Ölkə qlobal bazarlarda gəlirlilik səviyyəsinin artdığı bir dövrdə daha sərfəli borclanma şərtlərindən yararlanmağa çalışır.

Bloomberg mənbələrə istinadən xəbər verir ki, Polşa investorlarla keçiriləcək görüşlərin təşkili üçün BNP ParibasUBS Investment Bank şirkətlərini birgə bukrunner təyin edib. Polşa Maliyyə Nazirliyi isə bildirib ki, mümkün yerləşdirmə bazar şəraitindən asılı olacaq.

Mənbələrin sözlərinə görə, bir neçə tranşdan ibarət olması planlaşdırılan təminatsız böyük istiqraz buraxılışı müxtəlif ödəmə müddətlərini əhatə edə bilər. Həmçinin emissiyaya “yaşıl” maliyyə komponentinin də daxil edilməsi nəzərdə tutulur. Planlar hələ ictimaiyyətə açıqlanmadığı üçün mənbələr anonim qalmağa üstünlük veriblər.

Polşa sonuncu dəfə 2015-ci ilin aprelində İsveçrə maliyyə bazarına çıxaraq 580 milyon frank (605 milyon dollar) həcmində istiqraz yerləşdirmişdi. Həmin istiqrazlar mənfi gəlirliliklə satılmışdı. Hazırda isə ölkənin dövriyyədə İsveçrə frankı ilə nominallaşdırılmış dövlət istiqrazları yoxdur.

MONETAR.AZ