Kriptovalyuta hücumlarının əksəriyyəti kod zəiflikləri ilə başlayır

Kriptovalyuta hücumlarının əksəriyyəti

Kriptovalyuta sektorunda baş verən böyük maliyyə itkilərinin səbəbləri son dövrlərdə dəyişməkdədir. Yeni araşdırmalara əsasən, kripto hücumlarının artıq böyük hissəsi istifadəçi cüzdanlarının oğurlanması ilə deyil, platformaların proqram təminatında mövcud boşluqlardan istifadə edilməklə həyata keçirilir.

Məlumatlara görə, son bir il ərzində ən böyük itkilərə səbəb olan hücum növü “zəncirlərarası (cross-chain) məlumat manipulyasiyası” olub. Bu tip hücumlar aktivlərin müxtəlif blokçeynlər arasında ötürülməsi zamanı sistem zəifliklərindən istifadə etməklə icra edilir.

Araşdırmada qeyd olunur ki, bu metod ümumi kripto itkilərinin təxminən 19 faizini təşkil edir və ən riskli hücum növü hesab olunur.

İkinci və üçüncü yerlərdə “admin səlahiyyətlərinin ələ keçirilməsi və token manipulyasiyası” (18 faiz) və saxta tokenlərin yaradılması (14 faiz) kimi üsullar yer alır. Mütəxəssislərin fikrincə, bu hücumlar əsasən smart-kontrakt sistemlərindəki boşluqlardan istifadə olunmaqla həyata keçirilir.

Digər geniş yayılmış risklər arasında şəxsi açarların oğurlanması (11 faiz), likvidlik hovuzlarına hücumlar (8 faiz) və isti cüzdanların sındırılması (6 faiz) qeyd olunur. Daha az rast gəlinən, lakin yüksək risk daşıyan metodlar sırasında oracle qiymət manipulyasiyası, üçüncü tərəf API-lərinin ələ keçirilməsi və bonding curve zəiflikləri də yer alır.

Analitiklərin fikrincə, kripto bazarının inkişafı ilə paralel olaraq təhlükəsizlik riskləri də daha mürəkkəb xarakter alır. Əvvəllər əsas risk istifadəçi məlumatlarının oğurlanması idisə, hazırda əsas təhlükə sistemlərin öz kod strukturundakı zəifliklərlə bağlıdır.

Mütəxəssislər hesab edirlər ki, bu tendensiya kriptovalyuta platformalarında təhlükəsizlik standartlarının daha da gücləndirilməsini zəruri edir.

MONETAR.AZ